Kanada ABŞ rüsumlarına "dollara qarşı dollar" prinsipi ilə cavab verəcək

Kanada ABŞ rüsumlarına "dollara qarşı dollar" prinsipi ilə

Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, ölkə sentyabrın 8-dən etibarən ABŞ-ın yeni tariflərinə cavab olaraq "dollara qarşı dollar" prinsipi ilə güzgülü rüsumlar tətbiq edəcək.

Bu qərar Vaşinqtonun şənbə günü Kanadadan idxal olunan təxminən 20 milyard dollar dəyərində məhsula 50 faizlik rüsum tətbiq etməsindən sonra qəbul edilib. Tərəflər arasında aparılan danışıqlar razılaşma ilə nəticələnməyib.

Karninin sözlərinə görə, cavab tədbirləri polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, sellüloz-kağız sənayesi məhsulları və elektronika da daxil olmaqla bir sıra sektorlara şamil olunacaq.

Baş nazir bildirib ki, ABŞ danışıqlar zamanı "çox şey tələb edib, əvəzində isə çox az təklif edib". Onun sözlərinə görə, Vaşinqton son anda razılaşdırılmış şərtləri dəyişdiyi üçün Kanada nümayəndə heyəti danışıqları dayandıraraq Ottavaya qayıdıb.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir isə Kanadanı əldə olunmuş razılaşmanı yekunlaşdırmaqdan imtina etməkdə ittiham edib. O bildirib ki, hazırda tərəflər arasında yeni danışıqlar planlaşdırılmır və Vaşinqton Kanadanın cavab tədbirlərinə qarşı əlavə addımlar atmağa hazırdır.

Karni qeyd edib ki, ABŞ tarifləri əhəmiyyətli dərəcədə azaltsaydı, Kanada polad, alüminium və avtomobillərə tətbiq etdiyi cavab rüsumlarını ləğv etməyə, həmçinin ABŞ istehsalı olan alkoqollu içkilərin satışının bərpasında əyalətlərə dəstək verməyə hazır idi.

Yeni ABŞ tarifləri Kanadanın ABŞ-a ixrac etdiyi məhsulların təxminən 5 faizini əhatə edir. Ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi 880 milyard dollar təşkil edib.

Hazırda Tramp administrasiyası Kanadadan idxal olunan bəzi məhsullara 10 faizlik baza tarifi tətbiq edir. Bununla belə, Kanada mallarının böyük hissəsi ABŞ–Meksika–Kanada Sazişi (USMCA) çərçivəsində hələ də rüsum güzəştlərindən yararlanır.

MONETAR.AZ