Böyük Britaniyada inflyasiya iyul ayında 2,9 faizə çatıb

Böyük Britaniyada inflyasiya iyul ayında

Böyük Britaniyada illik istehlak inflyasiyası iyul ayında yenidən sürətlənib. Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, istehlak qiymətləri indeksi (CPI) iyunda qeydə alınan 2,6 faizdən 2,9 faizə yüksəlib.

Beləliklə, illik inflyasiya mart ayından sonra ilk dəfə artım nümayiş etdirib. İyul göstəricisi iqtisadçıların proqnozları ilə də üst-üstə düşüb.

Qiymət artımının əsas səbəblərindən biri ev təsərrüfatları üçün enerji tariflərinin yüksəlməsi olub. Tənzimləyici “Ofgem”in qərarından sonra enerji qiymətlərinin 13 faiz artması qaz tariflərində 2022-ci ilin oktyabrından bəri ən böyük sıçrayışa səbəb olub.

İnflyasiyanın yüksəlməsinə ən böyük töhfə mənzil və kommunal xidmətlər kateqoriyasından gəlib. İyulda qazın qiyməti illik ifadədə 14,7 faiz, elektrik enerjisinin qiyməti isə 3,6 faiz artıb.

Enerji qiymətlərindəki bahalaşma avtomobil yanacağının ucuzlaşmasının inflyasiyaya azaldıcı təsirini üstələyib.

Eyni zamanda, ərzaq və enerji qiymətlərinin nəzərə alınmadığı baza inflyasiyası dəyişməyərək 2,6 faiz səviyyəsində qalıb. Analitiklər bu göstəricidə cüzi azalma gözləyirdilər.

Milli Statistika İdarəsinin mənzil xərclərini də nəzərə alan CPIH indeksində də artım qeydə alınıb. İndeks iyundakı 2,8 faizdən iyulda 3,1 faizə yüksəlib.

Statistik göstəricilər onu da göstərir ki, Yaxın Şərqdəki münaqişə fonunda enerji qiymətlərinin bahalaşması hələlik əsasən ayrı-ayrı məhsul və xidmət qruplarında özünü göstərir. Bu təsir qiymət artımının daha geniş iqtisadi sahələrə əhəmiyyətli dərəcədə yayılması ilə nəticələnməyib.

MONETAR.AZ