İsveç Mərkəzi Bankı uçot dərəcəsini 1,75 faizdə saxlayıb

İsveç Mərkəzi Bankı uçot dərəcəsini

İsveç Mərkəzi Bankı – Riksbank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Tənzimləyici bazar iştirakçılarının proqnozlarına uyğun olaraq faiz dərəcəsini 1,75 faiz səviyyəsində dəyişməz saxlayıb.

Bununla yanaşı, bank inflyasiyanın gözləniləndən daha yüksək və davamlı xarakter alacağı təqdirdə pul-kredit siyasətini sərtləşdirə biləcəyinə işarə edib. Riksbankın açıqlamasına əsasən, 2026-cı ilin sonunadək uçot dərəcəsinin artırılması ehtimalı gündəmdə qalır.

Bank qeyd edib ki, son inflyasiya göstəricilərinin müvəqqəti xarakter daşımadığı və qiymət artımının daha geniş sahələrə yayıldığı müəyyən edilərsə, daha sərt pul-kredit siyasətinə keçilə bilər.

“Yay aylarında qeydə alınan gözlənilməz yüksək inflyasiya daha genişmiqyaslı və davamlı qiymət artımının başlanğıcı olarsa, Riksbank pul-kredit siyasətini sərtləşdirmək istiqamətində dəyişiklik edəcək”, – deyə bankın açıqlamasında bildirilib.

Riksbankın qərarı İsveçdə yay aylarında inflyasiyanın proqnozlardan daha yüksək səviyyədə qeydə alınmasından sonra verilib. Bu səbəbdən tənzimləyici bir tərəfdən mövcud faiz dərəcəsini qoruyub, digər tərəfdən isə qiymət təzyiqlərinin güclənəcəyi halda faiz artımına qapını açıq saxlayıb.

MONETAR.AZ