ABŞ məhkəməsi 75 ölkə üçün vizalara qoyulan qadağanı ləğv edib

ABŞ məhkəməsi 75 ölkə üçün vizalara qoyulan

"Reuters"in məlumatına görə, ABŞ-ın federal məhkəməsi Tramp administrasiyasının 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandıran qərarını qanunsuz hesab edərək ləğv edib.

Manhetten üzrə federal hakim Jannett Varqas qərarında bildirib ki, Dövlət katibi Marko Rubio bu siyasəti tətbiq etməklə qanunla ona verilən səlahiyyətləri aşıb. Hakimin fikrincə, ABŞ Konqresi dövlət katibinə vətəndaşlıq əlamətinə görə immiqrasiya vizalarının verilməsini ümumi şəkildə dayandırmaq səlahiyyəti verməyib.

Məhdudiyyət bu ilin yanvarında qüvvəyə minmiş və Latın Amerikası, Afrika, Yaxın Şərq, Cənubi Asiya, Balkanlar və Karib hövzəsinin 75 ölkəsini əhatə etmişdi. Təsirə məruz qalan ölkələr arasında Braziliya, Kolumbiya, Uruqvay, Bosniya və Herseqovina, Albaniya, Pakistan və Banqladeş də var idi.

Dövlət Departamenti qərarı həmin ölkələrdən gələn bəzi immiqrantların ABŞ-da dövlət resurslarından asılı vəziyyətə düşmə riskinin yüksək olması ilə əsaslandırmışdı. Qurum hələlik məhkəmə qərarına münasibət bildirməyib və apellyasiya verib-verməyəcəyini açıqlamayıb.

Qərar "Katolik İmmiqrantlara Hüquqi Yardım Şəbəkəsi" və "African Communities Together" təşkilatlarının qaldırdığı iddia əsasında qəbul edilib. İddiaçılar arasında viza müraciətçiləri və həmin ölkələrdən olan ailə üzvlərinə sponsorluq edən ABŞ vətəndaşları da olub.

Məhkəmənin qərarı nəticəsində vətəndaşlığa əsaslanan ümumi viza qadağası ləğv edilir. Bununla belə, immiqrasiya vizası almaq istəyən şəxslər əvvəlki kimi fərdi qaydada yoxlanılacaq və ABŞ qanunvericiliyində nəzərdə tutulan bütün tələblərə cavab verməlidirlər.

MONETAR.AZ