Azərbaycanda sağlamlıq və tibbi turizmin inkişaf etdirilməsi, bu sahədə xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ölkənin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə sağlamlıq turizminin inkişafı strategiyası və fəaliyyət planı hazırlanacaq. Sənədlərin aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq edilməsi və daha sonra icrasının təmin olunması planlaşdırılır.
Tibbi turizm üzrə qanunvericilik təkmilləşdiriləcək
Proqram çərçivəsində tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi də nəzərdə tutulur.
2027–2028-ci illərdə əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi akt layihələri və tibb müəssisələrinin akkreditasiyası ilə bağlı təkliflər hazırlanacaq. Mövcud standartlar və beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi həyata keçiriləcək.
Ən azı 5 müəssisənin beynəlxalq akkreditasiyası dəstəklənəcək
Tibbi turizm xidmətləri göstərən müəssisələrin beynəlxalq akkreditasiya və sertifikatlaşdırmaya hazırlanmasına da xüsusi diqqət ayrılacaq.
2026–2029-cu illərdə beynəlxalq akkreditasiya potensialına malik müəssisələr müəyyənləşdiriləcək və onların mövcud vəziyyəti qiymətləndiriləcək. Seçilmiş müəssisələr üçün beynəlxalq keyfiyyət standartlarına uyğun inkişaf planları hazırlanacaq və hazırlıq tədbirləri həyata keçiriləcək.
Dövrün sonunadək tibbi turizm xidmətləri göstərən azı 5 müəssisənin beynəlxalq akkreditasiya prosesinə cəlb olunması və onların beynəlxalq səviyyədə etibarlılığının artırılması hədəflənir.
Sağlamlıq Turizmi Konfransı keçiriləcək
Sağlamlıq turizminin davamlı inkişafını dəstəkləmək məqsədilə beynəlxalq və yerli tədbirlərin təşkili də planlaşdırılır.
2027–2030-cu illərdə sağlamlıq turizmi mövzusunda konfransın konsepsiyası və təşkilati planı hazırlanacaq. Daha sonra hər il Sağlamlıq Turizmi Konfransının keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının icra müddətinin sonunadək ümumilikdə 4 belə konfransın keçirilməsi hədəflənir.
Görüləcək tədbirlərin Azərbaycanda sağlamlıq və tibbi turizm xidmətlərinin inkişafına, xidmət keyfiyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq tibbi turizm bazarında tanınmasına töhfə verməsi gözlənilir.