Azərbaycan mətbəxini dünyaya tanıtmaq üçün 200 aşpaz səfərbər edilir

Azərbaycan mətbəxini dünyaya tanıtmaq üçün

Azərbaycanda qastronomiya turizminin inkişaf etdirilməsi, milli mətbəxin beynəlxalq səviyyədə tanıdılması və yerli restoranların dünya restoran bələdçilərində təmsil olunması üçün yeni tədbirlər həyata keçiriləcək.

Monetar.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Proqrama əsasən, 2026–2030-cu illərdə Azərbaycanda qastronomiya festivalları və müxtəlif tədbirlər təşkil olunacaq. Bu məqsədlə əvvəlcə qastronomiya festivalları və tədbirləri üzrə təhlil və planlaşdırma işləri aparılacaq.

Dövr ərzində azı bir beynəlxalq qastronomiya tədbirinin və seçilmiş qastronomiya regionlarında 5 festivalın keçirilməsi nəzərdə tutulur.

70 restoran beynəlxalq bələdçilərə daxil ediləcək

Qastronomiya turizminin inkişafı çərçivəsində yerli ictimai iaşə müəssisələrinin beynəlxalq restoran bələdçilərində təmsil olunmasına da dəstək veriləcək.

Belə ki, beynəlxalq restoran bələdçilərinə daxil olmaq potensialına malik müəssisələr müəyyənləşdirilərək qiymətləndiriləcək. Təxminən 500 ictimai iaşə müəssisəsinin müştəri məmnuniyyətini ölçən sosial media platformalarına inteqrasiyasının dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, 70 müəssisə barədə məlumatların “Gault & Millau”, “La Liste” və digər beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdirilməsi nəzərdə tutulur.

Həmçinin 3 müəssisənin beynəlxalq restoran qiymətləndirmə sistemləri tərəfindən verilən “Ulduz”, “Açar”, “Gurman” və digər sertifikatlara namizəd göstərilməsi planlaşdırılır.

200 aşpaz beynəlxalq sertifikat alacaq

Dövlət Proqramında aşpazların peşəkar bacarıqlarının artırılması da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

2027–2030-cu illərdə 200 aşpazın beynəlxalq səviyyəli sertifikat əldə etməsi hədəflənir. Bunun üçün aşpazların beynəlxalq təlimlərə cəlb olunması və peşəkar biliklərinin artırılması təmin ediləcək.

Bundan başqa, Kulinariya üzrə Milli Komandanın beynəlxalq qastronomiya tədbirlərində iştirakı dəstəklənəcək. Hər il ən azı 6 komanda üzvünün beynəlxalq yarışlarda iştirakına şərait yaradılacaq.

Beynəlxalq aşpazlar çempionatları keçiriləcək

Dövr ərzində beynəlxalq statuslu açıq aşpazlar çempionatlarının keçirilməsi də nəzərdə tutulur. Bu tədbirlər vasitəsilə yerli aşpazların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparması və peşə bacarıqlarını artırması məqsədi güdülür.

İki beynəlxalq statuslu açıq çempionatın keçirilməsi nəticəsində ümumilikdə 200 aşpazın bilik və bacarıqlarının təkmilləşdirilməsi, 40 əcnəbi mütəxəssisin isə tədbirlərə cəlb edilərək təcrübə mübadiləsində iştirakının təmin olunması planlaşdırılır.

Dövlət Proqramının sonuna qədər beynəlxalq aşpazlar çempionatlarında Azərbaycanın ən yüksək üç pilləsində təmsil olunması, qastronomiya destinasiya stendi vasitəsilə 20 min ziyarətçiyə ölkənin mətbəxi barədə məlumat verilməsi və ümumilikdə 1,5 milyon nəfərlik auditoriyanın əhatə olunması hədəflənir.

Bundan əlavə, 3 aşpazın beynəlxalq hakimlik dərəcəsi əldə etməsinə dəstək göstəriləcək.

Görüləcək tədbirlərin Azərbaycanın milli mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasına, yerli restoranların qlobal platformalarda görünürlüğünün artırılmasına və ölkənin qastronomiya turizmi üzrə cəlbediciliyinin yüksəldilməsinə xidmət edəcəyi gözlənilir.