ABŞ-ın dövlət borcu tarixində ilk dəfə 40 trilyon dollar həddini keçib. ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, avqustun 18-də ölkənin ümumi borcu 40,05 trilyon dollara çatıb.
“CBS News”un məlumatına görə, bu göstərici 2017-ci ildə qeydə alınan səviyyədən iki dəfədən çox yüksəkdir. Borcun sürətlə artmasının əsas səbəblərindən biri federal hökumətin xərclərinin büdcə gəlirlərini üstələməsidir. Nəticədə yaranan kəsirin maliyyələşdirilməsi üçün hökumət daha çox borclanmağa məcbur olur.
“Peter G. Peterson Foundation”un baş icraçı direktoru Maykl Piterson bildirib ki, ABŞ artıq 26 ildir büdcə kəsiri ilə fəaliyyət göstərir. Onun sözlərinə görə, problemin uzun müddət diqqətdən kənarda saxlanılması borc yükünün daha da ağırlaşmasına gətirib çıxarır.
ABŞ üçün əsas problemlərdən biri yalnız borcun həcminin deyil, onun xidmətinə çəkilən xərclərin də artmasıdır. Borc üzrə faiz ödənişlərinin yüksəlməsi büdcə xərclərində əlavə təzyiq yaradır və bu proses zamanla kumulyativ xarakter alır.
Hazırda ABŞ hökumətinin dövlət borcuna ödədiyi faizlərə ayırdığı vəsait müdafiə və “Medicare” proqramına yönəldilən xərcləri də üstələyir.
“Peter G. Peterson Foundation” hesab edir ki, xərclər və vergi siyasətində ciddi dəyişikliklər edilməzsə, ABŞ-ın dövlət borcu qarşıdakı altı il ərzində 50 trilyon dollara çata bilər.
2025-ci ildə ABŞ-ın xalis faiz xərcləri 1 trilyon dollara yaxınlaşıb və federal hökumətin ümumi xərclərinin təxminən 14 faizini təşkil edib. Bununla yanaşı, ölkədə əhalinin yaşlanması “Social Security” və “Medicare” proqramlarından yararlananların sayını artırır. Bu isə sosial ödənişlərin büdcə üçün yükünü daha da ağırlaşdırır.
Digər tərəfdən, son 20 il ərzində həyata keçirilən vergi endirimləri federal büdcənin gəlirlərinin azalmasına təsir göstərib.
Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, ötən il qəbul edilən və Donald Tramp administrasiyasının irəli sürdüyü “Big Beautiful Bill” qanunu 2034-cü maliyyə ilinə qədər ABŞ-ın dövlət borcuna təxminən 4,2 trilyon dollar əlavə edə bilər.
ABŞ-ın borc yükünün kəskin yüksəldiyi dövrlər arasında 2008-ci il Böyük Resessiyası və COVID-19 pandemiyası da xüsusi yer tutur. Hər iki böhran zamanı iqtisadiyyatı dəstəkləmək üçün dövlət xərclərinin əhəmiyyətli dərəcədə artırılması borcun daha sürətlə böyüməsinə səbəb olub.
“Bipartisan Policy Center”in prezidenti Marqaret Spellinqs isə ABŞ-ın maliyyə vəziyyətinin gələcəkdə müxtəlif gözlənilməz hadisələr qarşısında daha həssas ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, süni intellektin yaratdığı texnoloji dəyişikliklər, yeni iqtisadi tənəzzül, qlobal müharibə və digər böyük miqyaslı hadisələr mövcud borc problemini daha geniş maliyyə böhranına çevirə bilər.
MONETAR.AZ