Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics səhmdarlar üçün tarixinin ən böyük ödəniş proqramlarından birini elan etməyə hazırlaşır. Yerli MoneyToday nəşrinin sahə mənbələrinə istinadən yaydığı məlumata görə, şirkət ümumi həcmi 100 trilyon vondan (təxminən 72 milyard ABŞ dolları) artıq olan vəsaitin səhmdarlara qaytarılmasını planlaşdırır.
Məlumata əsasən, şirkət avqustun sonunadək direktorlar şurasının iclasını keçirərək xüsusi pul dividendlərini də əhatə edən proqramı təsdiqləməyi nəzərdə tutur. Gözlənilir ki, ödənişlərin əsas maliyyə mənbəyi sərbəst pul axınının (Free Cash Flow – FCF) 50%-i olacaq.
Xəbər SK Hynix şirkətinin bir gün əvvəl 40 trilyon von (təxminən 29 milyard dollar) həcmində səhmlərin geri alınması proqramını açıqlamasından sonra yayılıb. Bu da Cənubi Koreyanın iri yarımkeçirici istehsalçılarının səhmdar gəlirlərini artırmağa yönəlmiş siyasətini daha da gücləndirdiyini göstərir.
Bəzi analitiklər əvvəllər Samsungun səhmdarlara 200 trilyon vona qədər vəsait qaytara biləcəyini proqnozlaşdırsalar da, MoneyToday şirkətin geniş investisiya planlarını nəzərə alaraq bu ssenarinin real olmadığını qeyd edir.
Mənbələrin məlumatına görə, vəsaitlərin səhmdarlara qaytarılması proqramında əsas diqqət xüsusi pul dividendlərinə yönəldiləcək. Bildirilir ki, səhmlərin geri alınması Samsung Life Insurance və Samsung Fire & Marine Insurance ilə bağlı əlavə tənzimləyici məsələlər yarada biləcəyi üçün şirkət bu alətdən daha məhdud istifadə etməyə üstünlük verə bilər.
Xatırladaq ki, Samsung Electronics ötən ay direktorlar şurasının xüsusi dividendlər də daxil olmaqla, səhmdarlara vəsaitin qaytarılması mexanizmlərini müzakirə etdiyini açıqlamışdı. Şirkət rəhbərliyi ödənişlərlə gələcək investisiya planları arasında balansın qorunacağını bildirib.
MONETAR.AZ