Rusiyanın Çindən minik avtomobili idxalı 2026-cı ilin iyulunda son iki ilə yaxın dövrün ən yüksək səviyyəsinə yüksəlib.
Çin Gömrük İdarəsinin məlumatına görə, Rusiya iyul ayında Çindən ümumi dəyəri 1,39 milyard dollar olan minik avtomobili alıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə çox, iyun ayının göstəricisindən isə təxminən 12–15% yüksəkdir.
Bu nəticə ilə Rusiya Çin istehsalı minik avtomobillərinin dünyada ən böyük alıcısına çevrilib. Reytinqdə Böyük Britaniya 1,3 milyard dollarlıq, Belçika isə 1,2 milyard dollarlıq idxalla sonrakı yerlərdə qərarlaşıb.
Rusiya yük avtomobilləri seqmentində də Çin məhsullarının əsas alıcısı olub. “RİA Novosti”nin məlumatına görə, iyulda yük avtomobillərinin tədarükü iyunla müqayisədə təxminən 20% artaraq 2026-cı ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb. Halbuki bir ay əvvəl Rusiya bu göstərici üzrə yalnız dördüncü pillədə idi.
Çindən avtomobil idxalında artım ilin ilk yarısında da müşahidə olunub. “Kommersant”ın məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Çin Rusiyaya avtomobil ixracını təxminən 2,5 dəfə artırıb. Altı ay ərzində tədarükün ümumi dəyəri 6 milyard dolları ötüb.
Bununla yanaşı, Çindən Rusiyaya avtomobil ehtiyat hissələrinin göndərilməsi də artır. Bu tendensiya Rusiya avtomobil bazarının Çin təchizatından asılılığının getdikcə dərinləşdiyini göstərir.
Çin avtomobillərinə tələbatın yüksəlməsi Rusiyanın daxili bazarındakı canlanma ilə paralel gedir.
“RİA Novosti”nin məlumatına görə, rusiyalılar iyul ayında yeni minik avtomobillərinin alınmasına 428,5 milyard rubl xərcləyiblər. Bu, iyun ayı ilə müqayisədə 8,4% çoxdur.
İyun ayında Rusiyada 116,3 min yeni minik avtomobili satılıb və bir avtomobilin orta çəkili qiyməti 3,4 milyon rubl təşkil edib. “Focus2move” məlumatlarına əsasən, 2026-cı ilin ilk yeddi ayında Rusiyanın yeni minik avtomobilləri bazarında satışlar illik ifadədə 11,9% artıb. Ölkə dünya üzrə ən böyük avtomobil bazarları arasında 13-cü yeri tutur.
Çin markalarının Rusiya bazarındakı sürətli yüksəlişi əsasən Qərb avtomobil istehsalçılarının 2022–2023-cü illərdə ölkəni tərk etməsindən sonra başlayıb. Boşalan bazar seqmentləri Çin şirkətləri tərəfindən sürətlə doldurulub və son iki ildə bu proses daha sistemli xarakter alıb.
Hazırda “Haval” kimi markalar Rusiya bazarının əsas oyunçuları sırasındadır. Şirkətin bazar payı təxminən 12–13% təşkil edir.
Çin avtomobil istehsalçılarının strategiyası yalnız ixracla məhdudlaşmır. Şirkətlər Rusiya ərazisində istehsal imkanlarını da artırırlar.
“Haval”ın Tula vilayətində yerləşən zavodunda 2026-cı ilin oktyabrında üçüncü istehsal növbəsinin fəaliyyətə başlaması planlaşdırılır. Bu addım müəssisənin gündəlik istehsal gücünü 660 avtomobildən 850 avtomobilə yüksəltməyə imkan verəcək.
Zavodun illik istehsal gücünün isə hazırkı 150 min avtomobildən 2027–2028-ci illərdə 200 minə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, 2026-cı ilin sonunadək xüsusi investisiya müqaviləsi çərçivəsində lokalizasiyanın növbəti mərhələsinin əsas elementlərindən biri olan transmissiya istehsalı sexinin işə salınması planlaşdırılır.
Beləliklə, Çin avtomobil şirkətləri Rusiya bazarında eyni vaxtda iki istiqamətdə mövqelərini gücləndirirlər: idxal həcmlərini artırır və yerli istehsalın payını genişləndirirlər. Bu strategiya onlara həm bazardakı boşluğu doldurmağa, həm də gələcəkdə xarici tədarükdən asılılığı azaltmağa imkan verir.
MONETAR.AZ