Volksvagen Hindistandakı tərəfdaşı ilə sazişə hazırlaşır

Volksvagen Hindistandakı tərəfdaşı ilə

“Volkswagen” Hindistan avtomobil bazarında mövqelərini gücləndirmək üçün yerli tərəfdaşla əməkdaşlıq barədə razılaşmanı bu il yekunlaşdırmağa çalışır.

Bu barədə “Skoda” brendinin baş icraçı direktoru Klaus Tsellmer məlumat verib. Qeyd edək ki, “Skoda” “Volkswagen Group”un Hindistandakı strategiyasının həyata keçirilməsinə rəhbərlik edir.

Almaniya avtomobil nəhəngi Hindistanda polad və avtomobil sektorlarında fəaliyyət göstərən “JSW” konqlomeratı ilə birgə müəssisə yaratmaq imkanlarını müzakirə edir. “JSW” mümkün əməkdaşlıq çərçivəsində birgə müəssisədə nəzarət payını əldə etməkdə maraqlı olduğunu açıqlayıb.

Tsellmer Mumbayda keçirilən “Skoda” tədbiri zamanı jurnalistlərə bildirib ki, danışıqlar hazırda davam edir və tərəflər razılaşmanı 2026-cı il ərzində yekunlaşdırmağa ümid edirlər. Onun sözlərinə görə, şirkətin Hindistanda güclü yerli tərəfdaşla fəaliyyət göstərməsi biznesin inkişafına ciddi təkan verə bilər.

“Skoda” rəhbəri Hindistanın “Economic Times” nəşrinə müsahibəsində də “Volkswagen”in ölkədəki fəaliyyətinə nəzarətin müəyyən hissəsindən tərəfdaşın xeyrinə imtina etməyə hazır olduğunu bildirib.

Belə əməkdaşlığın əsas üstünlüklərindən biri Hindistan bazarına yatırımlar üzrə risklərin bölüşdürülməsi ola bilər. Şirkətin ölkədə 20 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, “Volkswagen”in Hindistandakı əməliyyatlarının miqyası hələ də nisbətən məhdud olaraq qalır.

Almaniya şirkəti “Mahindra” ilə tərəfdaşlıq üzrə danışıqların nəticəsiz qalmasından sonra 2022-ci ildə Hindistanda yeni yerli tərəfdaş axtarışına başlayıb.

Şirkətin qarşısında digər mühüm vəzifə isə Hindistanda 2027-ci ildən qüvvəyə minəcək daha sərt emissiya standartlarına uyğunlaşmaqdır. Bu məqsədlə “Volkswagen” bazara daha çox ekoloji təmiz avtomobil çıxarmalı olacaq.

Hindistanda yeni investisiya qərarlarının qəbul edilməsi “Volkswagen Group”un direktorlar şurasının təsdiqini tələb edir. Şuranın bəzi üzvlərinin Mumbayda keçirilən tədbirdə iştirak etməsi də şirkətin Hindistan bazarına verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir.

Bununla yanaşı, “Volkswagen”in Hindistanda vergi ilə bağlı problemi də davam edir. Şirkət 2024-cü ildə idxal rüsumlarından yayınma iddiası üzrə Hindistan hakimiyyət orqanlarının 1,4 milyard dollarlıq vergi tələbi ilə üzləşib. Avtomobil istehsalçısı isə ölkənin qanun və qaydalarına tam əməl etdiyini bildirərək bu tələblə razılaşmayıb. Məsələ ilə bağlı məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.

MONETAR.AZ