Əyləc sistemləri istehsalçısı "Brembo" tarixinin ən güclü seriyalı əyləc supportunu — "Boldika" modelini təqdim edib. Ənənədən fərqli olaraq, yenilik ilk dəfə superkarda deyil, "Chevrolet Silverado EV RST" elektrik pikapında debüt edib.
Altıpistonlu support 8 500 Nm əyləcləmə qüvvəsi yaradır və ağır, eyni zamanda yüksək gücə malik avtomobillər — xüsusilə son illərdə həm çəkisi, həm də məhsuldarlığı artan tamölçülü yolsuzluq avtomobilləri və pikaplar üçün hazırlanıb.
"Brembo Boldika" iki alüminium hissənin mərkəzi çuqun element ətrafında birləşdirildiyi konstruksiyaya malikdir. Bu həll yüksək sərtliyi nisbətən aşağı çəki ilə təmin edir. Support, əyləc pedalı buraxıldıqdan sonra əyləc bəndlərini (kolodkaları) diskdən tam uzaqlaşdıran "Enesys" texnologiyası ilə təchiz olunub. Bu, həm aşınmanı azaldır, həm də enerji sərfiyyatına və elektrik avtomobillərində yürüş ehtiyatına müsbət təsir göstərir.
"Boldika" 20 düymlük və daha böyük təkər diskləri ilə uyğun gəlir. Yeni əyləc sistemi ABŞ-ın 250 illik yubileyinə həsr olunmuş "Chevrolet Silverado EV RST Stars and Steel" xüsusi versiyasında təqdim edilib. Bu modeldə supportlar 24 düymlük təkər diskləri ilə birgə quraşdırılıb.
Pikap tam ötürücülü, 771 at gücünə malik elektrik güc qurğusu ilə təchiz olunub və bir şarjla 769 km-ə qədər məsafə qət edə bilir. ABŞ bazarında "Chevrolet Silverado EV RST Stars and Steel" modelinin başlanğıc qiyməti 99,9 min ABŞ dollarıdır.

MONETAR.AZ