"Morgan Stanley" bildirib ki, qızıl dördüncü rüb üçün müəyyənləşdirilmiş hədəf qiymətinə gözləniləndən daha tez çatıb. Bank gələn il qızılın qiymətinin bir unsiya üçün 5 000 dollardan yuxarı qalxacağını proqnozlaşdırır, lakin bu yüksəlişin hamar olmayacağı barədə də xəbərdarlıq edir.
"Qızıl bir unsiya üçün 4 450 dollar təşkil edən dördüncü rüb proqnozumuza gözləniləndən daha sürətlə çatdı. Biz 2027-ci ildə bir unsiya üçün 5 000 dollardan yuxarı səviyyəyə doğru hərəkət gözləyirik, lakin yüksək volatillik ehtimalını da nəzərə alırıq", — deyə analitik Emi Qauer yazıb.
Bankın bildirdiyinə görə, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmaq ehtimalının azalması birja investisiya fondlarına (ETF) tələbatı yenidən canlandırıb. May və iyun aylarında 93 tonluq xalis vəsait çıxışından sonra iyul və avqust aylarında ETF-lərə 70 metrik ton həcmində vəsait daxil olub.
"Morgan Stanley"in iqtisadçıları FED-in faiz dərəcələrini 2026-cı ilin sonunadək dəyişməz saxlayacağını gözləyirlər.
Bankın məlumatına görə, mərkəzi banklar da qızıl ehtiyatlarını artırmaq üçün qiymətlərin əvvəlki səviyyələrindən yararlanıblar. Çin bu ilin əvvəlindən etibarən ehtiyatlarına 60 ton qızıl əlavə edib ki, bu da 2023-cü ildən bəri ən böyük həcmdir. Polşa isə ehtiyatlarını 82 ton artıraraq 632 tona çatdırıb və 700 tonluq hədəfə yaxınlaşıb.
"Morgan Stanley" qeyd edib ki, qızıl uzunmüddətli real gəlirlilikdən müəyyən dərəcədə ayrılmağa başlayıb və hətta uzunmüddətli gəlirlilik dəyişməz qaldığı halda avqustun əvvəlində yüksəliş nümayiş etdirib. Bankın fikrincə, metal "gəlirlilik səviyyəsinin özündən daha çox, yüksək gəlirliliyin arxasında duran fiskal problemləri qiymətləndirir". Xəzinə istiqrazlarının geri alınması planının genişləndirilməsi ilə bağlı xəbərlər də qızıla əlavə dəstək verib.
Risklər arasında ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəriciləri və "COMEX"dəki qısa mövqelərin həcmi göstərilir. Qısa mövqelər 2020-ci ilin aprelindən bəri ən aşağı səviyyələrə yaxın olduğundan, onların növbəti bağlanması üçün potensialın məhdud olduğu bildirilir.
MONETAR.AZ