Azərbaycanda torpaq bazarında qiymətlər iyul ayında da sürətlə artıb. Torpaq seqmenti üzrə indeks 122,8 bəndə çatıb.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, bu göstərici 2025-ci ilin dekabrında müəyyənləşdirilmiş baza səviyyəsi ilə müqayisədə 22,8 faizlik artım deməkdir.
Torpağın median qiyməti 13 333 AZN/m²-dən 16 372 AZN/m²-ə yüksəlib. Beləliklə, torpaq seqmenti iyul ayında daşınmaz əmlak bazarında ən yüksək qiymət artımının qeydə alındığı istiqamət olub.
AQP-nin göstəricilərinə əsasən, torpağın satış müddəti 18-26 gün təşkil edir. Seqment üzrə indikativ diskont isə 10,6-10,7 faiz səviyyəsindədir.
Müqayisə üçün, yeni tikililərdə qiymət artımı 6,5 faiz, köhnə tikililərdə 3,8 faiz, həyət evlərində isə 1,1 faiz olub.
Beləliklə, ilin əvvəlindən torpaq bazarında qeydə alınan artım digər əsas əmlak seqmentlərini əhəmiyyətli dərəcədə üstələyib. Bu dinamika torpağın daşınmaz əmlak bazarında investisiya baxımından diqqət çəkən aktivlərdən birinə çevrildiyini göstərir.