Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı iyul ayında da davam edib. Ümumi bazar indeksi 105,1 bənd təşkil edib ki, bu da 2025-ci ilin dekabrı ilə müqayisədə 5,1 faiz artım deməkdir.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) iyul ayı üzrə məlumatlarına əsasən, bazarda qiymət dinamikası seqmentlər üzrə fərqli olub.
Yeni tikililər üzrə indeks 106,5 bəndə yüksəlib. Bu seqmentdə median qiymət 2 813 AZN/m² təşkil edib və baza dövrü ilə müqayisədə 6,5 faiz artıb. Yeni tikililər bazarın ən likvid seqmenti olaraq qalır. Mənzillərin orta satış müddəti 11-15 gün təşkil edib.
Köhnə tikililərdə isə indeks 103,8 bənd, median qiymət 2 617 AZN/m² olub. Bu seqmentdə qiymətlər 3,8 faiz artıb.
Həyət evlərinin qiymətləri 1,1 faiz yüksələrək median üzrə 647 AZN/m²-ə çatıb. Qarajlarda isə 5 faizlik artım qeydə alınıb.
AQP-nin göstəriciləri bazarda qiymət artımının davam etdiyini, lakin artım tempinin əmlakın növündən asılı olaraq əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir. Bu baxımdan, xüsusilə torpaq və yeni tikili seqmentləri bazarın əsas hərəkətverici istiqamətləri kimi diqqət çəkir.