Azərbaycanda kommersiya daşınmaz əmlakının qiyməti iyul ayında aşağı düşüb. Kommersiya seqmenti üzrə indeks 97,0 bənd təşkil edib.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatlarına görə, bu, 2025-ci ilin dekabrı ilə müqayisədə 3 faizlik azalma deməkdir.
Kommersiya obyektlərinin median qiyməti 2 917 AZN/m²-dən 2 829 AZN/m²-ə enib. Seqment üzrə satış müddəti 16-24 gün təşkil edib, indikativ diskont isə 9,3-9,8 faiz səviyyəsində olub.
Bu göstəricilər kommersiya əmlakı bazarında yaşayış seqmentləri ilə müqayisədə daha zəif dinamikanın formalaşdığını göstərir. Yeni tikililərdə qiymətlər 6,5 faiz, köhnə tikililərdə isə 3,8 faiz artdığı halda, kommersiya obyektlərində əks istiqamətli hərəkət qeydə alınıb.
Qeyd edək ki, AQP-nin iyul göstəriciləri daşınmaz əmlak bazarında vahid qiymət trendinin olmadığını göstərir. Palatanın məlumatına görə, qiymət və likvidlik əmlakın təyinatı, yerləşməsi, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq dəyişir.