Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının qərarı ilə "Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı" təsdiq edilib.
Yeni sənəddə qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiya və ya dözümsüzlüyə səbəb ola biləcək maddələr və qida məhsulları müəyyən edilib. Siyahı "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları və beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb.
Təsdiq edilmiş allergenlər siyahısına aşağıdakılar daxildir:
- qlüten tərkibli taxıllar;
- xərçəngkimilər;
- yumurta;
- balıq;
- yer fındığı;
- soya;
- süd və süd məhsulları;
- çərəzlər (ağac mənşəli qoz-fındıq məhsulları);
- kərəviz;
- xardal;
- küncüt;
- kükürd dioksid və sulfitlər;
- acı paxla (lupin);
- molyusklar.
Qanunvericiliyin tələblərinə əsasən, bu allergenlər qida məhsullarının etiketlərində aydın və görünən şəkildə göstərilməlidir. Bu, istehlakçılara məhsulun tərkibini düzgün qiymətləndirməyə və sağlamlıqları üçün yarana biləcək risklərdən qorunmağa kömək edəcək.
AQTA qeyd edir ki, allergenlər məhsula yalnız əsas xammal və ya inqrediyentlər vasitəsilə düşmür. Onlar istehsal zamanı istifadə olunan digər komponentlərdən, həmçinin allergenlərlə təmasda olmuş avadanlıq və istehsal xətlərindən də məhsula keçə bilər. Buna görə də qida istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyən etməli və bu barədə məlumatı etiketlərdə tam və dəqiq şəkildə əks etdirməlidirlər.
Yeni tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. AQTA sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsini yeni qaydalara uyğunlaşdırmağı, tərkib məlumatlarının düzgünlüyünü təmin etməyi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini başa çatdırmağı tövsiyə edir.