Azərbaycan adambaşına düşən su götürülməsinin həcminə görə dünyada səkkizinci yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu barədə“Our World in Data” və “Statista” məlumatları əsasında hazırladığı araşdırmada qeyd olunub.
Məlumata görə, Azərbaycanda adambaşına 45 min kubfut su götürülür. Bu göstərici ilə ölkə dünya üzrə ən yüksək su götürülməsi olan ölkələr sırasında yer alıb.
Su götürülməsinə görə ilk pillədə Monteneqro qərarlaşıb. Bu ölkədə adambaşına 127 min kubfut su götürülür. Türkmənistan 85 min kubfutla ikinci, Qayana isə 62 min kubfutla üçüncü yerdədir.
İlk onluqda, həmçinin Çili, Uruqvay, ABŞ, Özbəkistan, Azərbaycan və Qazaxıstan yer alıb. Özbəkistanda göstərici 45 min, Qazaxıstanda isə 44 min kubfut təşkil edir.
Araşdırmada qeyd olunub ki, su götürülməsinin yüksək olması ölkənin şirin su ehtiyatlarının da çox olması demək deyil. Su ehtiyatları ilə ondan istifadə və ya götürülməsi fərqli göstəricilərdir.
Məlumata görə, İslandiya adambaşına düşən bərpa olunan şirin su ehtiyatlarının həcminə görə dünyada birincidir. Ölkədə bu göstərici ildə 15,7 milyon kubfut təşkil edir. Qayana 10,4 milyon kubfutla ikinci, Surinam isə 5,6 milyon kubfutla üçüncü yerdədir.
Araşdırmaya əsasən, kənd təsərrüfatı, sənaye, enerji istehsalı və əhali sayı ölkələrin su tələbatına təsir edən əsas amillərdəndir.