24 avqust – Beynəlxalq Qəribə Musiqi Günüdür

24 avqust – Beynəlxalq Qəribə

24 avqust dünyada Beynəlxalq Qəribə Musiqi Günü (International Strange Music Day) kimi qeyd olunur. Monetar.az xəbər verir ki, bu əlamətdar tarix 1998-ci ildə amerikalı musiqiçi və bəstəkar Patrik Qrant tərəfindən təsis edilib.

Günün yaranması Qrantın musiqi yaradıcılığı ilə bağlıdır. Müxtəlif janr və üslubları birləşdirən bəstəkar yaradıcılığının ilk illərində qeyri-adi yanaşmasına görə musiqi sənayesində müəyyən çətinliklərlə üzləşib.

Daha sonra o, yeni və fərqli musiqi layihələrini yayımlamaq üçün öz leyblını yaradaraq onu “Strange Music” – “Qəribə musiqi” adlandırıb. Beynəlxalq Qəribə Musiqi Günü də əvvəlcə yeni musiqi layihəsini tanıtmaq məqsədilə düşünülsə də, sonradan musiqi həvəskarları arasında geniş yayılıb.

Bu günün əsas məqsədi insanları adətən dinləmədikləri və ya tanımadıqları musiqi janrları ilə tanış etməkdir. Əlamətdar tarix dinləyiciləri yeni səslərə, melodiyalara və fərqli musiqi mədəniyyətlərinə açıq olmağa çağırır.

Qəribə Musiqi Günündə caz, klassik musiqi, kantri, metal, etnik musiqi və digər fərqli üslubları dinləmək tövsiyə olunur. Müxtəlif musiqi janrları ilə tanışlıq insanın dünyagörüşünün genişlənməsinə və yeni mədəniyyətləri daha yaxından tanımasına imkan yaradır.

“Qəribə musiqi” anlayışına həm dinləyici üçün tanış olmayan janrlar, həm də qeyri-adi səslənən musiqi nümunələri daxildir. Belə musiqilərdə varqan, hanq, aybahar, qədəhlər və digər fərqli musiqi alətlərindən də istifadə oluna bilər.

Beynəlxalq Qəribə Musiqi Günü hər kəs üçün musiqi seçimlərində kiçik bir eksperiment aparmaq və yeni janrlar kəşf etmək imkanı yaradır. Məsələn, pop musiqi sevənlər fərqli janrlara, ağır metal dinləyiciləri isə caz və ya klassik musiqiyə müraciət edə bilərlər.

Beləliklə, 24 avqust musiqi zövqünün sərhədlərini genişləndirmək və “qərəzsiz dinləmək” üçün yaxşı fürsət hesab olunur.