Braziliyada qəhvə plantasiyalarına ziyan vuran güclü yağışlar dünyada “Arabika” sortlu qəhvə dənələrinin çatışmazlığına səbəb ola bilər.
Monetar.az xəbər verir ki, Braziliya dünya üzrə “Arabika” qəhvəsinin təxminən 45 faizini istehsal edir. Leysan yağışların məhsulun həcmi və keyfiyyətinə təsir etməsi, həmçinin qəhvənin digər ölkələrə tədarükünü çətinləşdirməsi keyfiyyətli qəhvə qarışıqlarının əlçatanlığını azalda bilər.
Məlumata görə, bu vəziyyət “Starbucks”, “Luigi Lavazza” və “Illycaffe” kimi iri qəhvə şirkətlərinin istifadə etdiyi yüksək keyfiyyətli qəhvə qarışıqlarının tədarükünə də təsir göstərə bilər.
Braziliyanın ən böyük qəhvə istehsalçıları kooperativi olan “Expocacer”in baş direktoru Simao de Lima bildirib ki, 2026-cı ildə ölkədə qəhvə dənələrinin təxminən 20 faizi tropik yağışlar nəticəsində zərər görüb. Adətən bu göstərici 5-7 faiz təşkil edir.
Onun sözlərinə görə, yağıntılar nəticəsində qəhvə dənələrinin keyfiyyətində problemlər yaranır və fermentasiya səviyyəsinin artması son məhsulun dadına təsir göstərir.
Qəhvə çatışmazlığı və məhsulun keyfiyyətinin pisləşməsi fonunda iyun ayından etibarən “Arabika” qəhvəsi üzrə fyuçerslərin qiyməti 35 faiz artıb.