Buğda idxalçıları tədarük çatışmazlığına hazırlaşırlar

Buğda idxalçıları tədarük çatışmazlığına

Qara dənizdə taxıl infrastrukturuna hücumların intensivləşməsi qlobal buğda tədarükünü pozur, qiymətləri yüksəldir və Misir, İndoneziya kimi iri idxalçı ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırır. Bu barədə "Reuters" xəbər verir.

Qara dəniz regionundan ixracın azalması fonunda Çikaqo birjasında buğda fyuçersləri iyulun əvvəlindən bəri 17%-dən çox bahalaşıb. Eyni zamanda, ABŞ, Avstraliya və Argentinada fiziki buğda qiymətləri də yüksəlib.

Rusiya və Ukraynanın limanlara, taxıl terminallarına və gəmilərə qarşı davam edən hücumları ixrac zəncirini pozub. Nəticədə, daşıyıcılar mövsümün ən aktiv dövründə onlarla yük partiyasının yüklənməsini təxirə salmağa və ya tamamilə ləğv etməyə məcbur qalıblar.

Qara dəniz buğdasını Asiya ölkələrinə satan sinqapurlu treyder bildirib ki, avqustun ortalarından çatdırılması planlaşdırılan bir çox partiya yüklənə bilməyib. Buna görə alıcılar Avstraliya, Argentina və Şimali Amerikadan alternativ tədarük imkanlarını qiymətləndirirlər.

Asiya ölkələrinin dəyirmançıları iyul–sentyabr dövrü üçün Qara dəniz regionundan təxminən 2–2,5 milyon ton buğda alıblar ki, bu da onların idxal tələbatının 30–50%-ni təşkil edir. Lakin bu partiyaların bir hissəsinin vaxtında çatdırılmayacağı ehtimalı artır.

"Argus Media"nın analitiki Maksans Devilye hesab edir ki, bazar avqustun sonuna qədər alternativ həll yolları tapmalı olacaq.

Yaxın Şərq və Şimali Afrikada yüksək məhsuldarlıq vəziyyəti qismən yumşaldır. Misir rekord həcmdə yerli buğda tədarükü həyata keçirib, Mərakeş və Tunisdə isə əlverişli hava şəraiti məhsul proqnozlarını yaxşılaşdırıb. Bununla belə, dünyanın ən böyük buğda idxalçısı olan Misir 2026-cı ilin ilk yarısında idxalının 82%-dən çoxunu Rusiya və Ukraynadan təmin edib. Ən böyük risk isə ehtiyatları məhdud olan özəl idxalçılar üçün qalır.

Dünyanın ikinci ən böyük buğda idxalçısı olan İndoneziya iyul–sentyabr çatdırılması üçün Rusiya və Ukraynadan təxminən 600 min ton buğda sifariş edib. Ölkənin Dəyirmançılar Assosiasiyası artıq Bolqarıstan, Rumıniya, Avstraliya və Argentinanı alternativ tədarük mənbələri kimi nəzərdən keçirdiyini bildirib.

Əlcəzair, Banqladeş, İordaniya, Tailand, Tunis və Vyetnam da Qara dəniz buğdasından yüksək dərəcədə asılıdır. İordaniya bu ay yüksək qiymətlər və daşınma riskləri səbəbindən iki buğda və iki arpa tenderini ləğv edib.

Ötən həftə Misir üçün taxıl daşımalı olan bir gəmi Novorossiysk yaxınlığında hücuma məruz qalıb. Mənbələrin məlumatına görə, söhbət yüksüz "Xin Hai Tong 66" gəmisindən gedir və hadisə nəticəsində xəsarət alan olmayıb. Buna baxmayaraq, hazırda çox az sayda gəmi sahibi Rusiya və Ukrayna limanlarına daxil olmağa razılıq verir.

Alternativ tədarük isə daha baha başa gəlir. Avstraliyanın "Premium White" buğdası Asiyaya çatdırılmaqla tonuna təxminən 315–320 dollar təklif olunur. Müqayisə üçün, ABŞ buğdasının qiyməti təxminən 305 dollar, Qara dəniz mənşəli buğdanın qiyməti isə hücumlardan əvvəl əsasən 260–280 dollar aralığında idi.

MONETAR.AZ