Ötən həftə qlobal maliyyə bazarlarında dövlət borcları, istiqrazların gəlirliliyi və qiymətli metalların qiymətindəki artım əsas müzakirə mövzularından olub.
Monetar.az xəbər verir ki, ABŞ-də 30 illik dövlət istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Fransada 10 illik istiqrazların gəlirliliyi 2009-cu ildən, Almaniyada 2011-ci ildən, Yaponiyada isə 1996-cı ildən bəri ən yüksək göstəriciyə çatıb.
ABŞ-nin dövlət borcunun ilk dəfə 40 trilyon dolları keçməsi də diqqət çəkib. Borcun və büdcə kəsirinin artması fonunda uzunmüddətli istiqrazların gəlirliliyinin yüksəlməsi investorların narahatlığını artırıb.
Həftə ərzində qiymətli metalların qiymətində də kəskin artım qeydə alınıb. Qızılın birja qiyməti 4 600 dolları, gümüşün qiyməti isə 70 dolları keçib. Sinkin qiyməti də 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə yüksəlib.
Korporativ bazarda isə “Moderna” şirkətinin səhmləri klinik sınaqların uğurlu nəticələri fonunda təxminən 180 faiz bahalaşıb. Çinin robot istehsalçısı “Unitree Robotics” şirkətinin səhmləri isə Şanxay birjasında ilkin yerləşdirmədən sonra 629 faiz yüksəlib.
Rusiyada yüksək gəlirli istiqrazlar bazarında da defoltların sayı artıb. Avqustun 17-dən 21-dək istiqraz buraxılışları üzrə 21 defolt qeydə alınıb.