Bu həftə qlobal bazarların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinə, uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyinə, ABŞ-də açıqlanacaq əsas iqtisadi göstəricilərə və “Nvidia”nın maliyyə hesabatına yönələcək.
Monetar.az xəbər verir ki, investorlar Cekson Hol İqtisadi Siyasət Simpoziumunda FED rəsmilərinin çıxışlarını, həmçinin ABŞ-də iyul ayı üzrə şəxsi gəlir və xərclər, PCE qiymət indeksi, uzunmüddətli istifadə malları sifarişləri və əmək bazarı məlumatlarını izləyəcəklər.
Həftə ərzində “Nvidia”, “Palo Alto Networks”, “Intuit”, “CrowdStrike” və “Salesforce” şirkətlərinin maliyyə hesabatları da açıqlanacaq. Xüsusilə “Nvidia”nın nəticələrinin qlobal süni intellekt infrastrukturuna tələbin qiymətləndirilməsi baxımından mühüm göstərici olacağı gözlənilir.
Avropada Avropa Mərkəzi Bankı son pul siyasəti iclasının protokollarını dərc edəcək. Almaniyada İfo Biznes İqlimi İndeksi və GfK İstehlakçı İqlimi Göstəricisi, Fransa və İspaniyada isə ilkin inflyasiya məlumatları açıqlanacaq.
Asiya-Sakit okean regionunda Çində avqustun 25-28-də keçiriləcək Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin iclası diqqət mərkəzində olacaq. Yaponiya istehlakçı etimadı və işsizlik göstəricilərini, Avstraliya isə inflyasiya və kapital xərcləri üzrə məlumatları açıqlayacaq.
Həftə ərzində Cənubi Koreya, Filippin və Tayland mərkəzi banklarının faiz dərəcələri ilə bağlı qərarlar da gözlənilir.