Danimarka qadınların vəziyyətinin qiymətləndirildiyi beynəlxalq reytinqdə birinci, Əfqanıstan isə sonuncu yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu barədə Corctaun Universitetinin Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutunun 2025/26-cı il Qadınlar, Sülh və Təhlükəsizlik İndeksinə əsaslanan araşdırmada qeyd olunub.
İndeks qadınların sosial və iqtisadi vəziyyətini, ədalət və təhlükəsizlik imkanlarını əhatə edən 13 göstərici əsasında 181 ölkəni qiymətləndirir. Qiymətləndirmə 0-dan 1-ə qədər aparılır və yüksək bal daha əlverişli vəziyyəti göstərir.
Danimarka 0,94 balla birinci yeri tutub. İslandiya 0,93 balla ikinci, Norveç, İsveç və Finlandiya isə 0,92 balla müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerlərdə qərarlaşıb.
İlk beşlikdə yalnız Şimali Avropa ölkələri yer alıb. İlk 35-likdəki ölkələrin 25-i Avropanın payına düşür. Avropadan kənarda ən yüksək nəticəni Yeni Zelandiya və Avstraliya göstərib – hər iki ölkə 0,90 bal toplayıb.
ABŞ reytinqdə 31-ci yerdə qərarlaşıb və 0,84 bal əldə edib. Kanada isə 0,89 balla daha yüksək mövqedə yer alıb.
Reytinqin sonuncu pilləsində Əfqanıstan qərarlaşıb. Ölkənin göstəricisi 0,28 bal olub. Yəmən 0,32 balla ikinci, Mərkəzi Afrika Respublikası və Suriya isə 0,36 balla növbəti yerlərdədir.
Son 35 ölkə arasında Afrika dövlətləri üstünlük təşkil edir. Münaqişələrdən zərər çəkmiş Əfqanıstan, Yəmən, Mərkəzi Afrika Respublikası, Suriya, Sudan və Konqo Demokratik Respublikası da reytinqin aşağı pillələrində yer alıb.
Araşdırmada vurğulanıb ki, indeks yalnız bir göstəricini deyil, qadınların məşğulluğu və təhsili, hüquqi ayrı-seçkilik, zorakılıq, siyasi iştirak və təhlükəsizlik kimi müxtəlif amilləri nəzərə alır.