Azərbaycanı gəzmək üçün ən uyğun ay məlum olub

Azərbaycanı gəzmək üçün

Dünyanın müxtəlif ölkələrini ziyarət etmək üçün ən uyğun aylar açıqlanıb. Araşdırmaya əsasən, avqust ən çox istiqamət üçün əlverişli ay hesab olunur.

Monetar.az xəbər verir ki,  “Weather Spark”-ın hazırladığı araşdırmada 261 ölkə, ərazi və ABŞ ştatı üzrə hava şəraiti təhlil edilib.

Nəticələrə görə, avqust 63 istiqamət üçün ən uyğun ay seçilib. Sentyabr 46, iyul isə 41 istiqamətlə növbəti yerləri tutub. Dekabr isə yalnız 5 istiqamət üçün ən əlverişli ay olub.

Araşdırmada hava şəraitinin qiymətləndirilməsi zamanı açıq səma və 18-27 dərəcə arasında temperatur əsas meyarlar kimi götürülüb. Məlumatlar hər ölkə və ya ərazi üzrə ən böyük şəhərin göstəricilərinə əsaslanır.

Avropanın böyük hissəsi üçün iyun-avqust ayları daha əlverişli hesab olunur. Bu dövr isti hava və uzun günlərlə yanaşı, turist axınının və qiymətlərin artması ilə də xarakterizə olunur.

Cənub yarımkürəsi və tropik bölgələrdə isə qış ayları daha çox önə çıxır. Yanvar 36 istiqamət üçün ən uyğun ay olub. Fevral xüsusilə Karib hövzəsi ölkələri üçün əlverişli dövr kimi göstərilib.

Azərbaycan üzrə isə ən uyğun ay sentyabr müəyyənləşdirilib. Araşdırmada Bakı şəhərinin hava göstəriciləri əsas götürülüb.

ABŞ ştatlarında da uyğun aylar iqlimə görə dəyişir. Şimal ştatlarında əsasən iyul və avqust, daha isti ştatlarda isə daha erkən aylar önə çıxıb. Arizona, Florida, Luiziana və Texas üçün aprel ən uyğun ay kimi göstərilib.