Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.
Jurnalda 2026/2027-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi ilə bağlı elan, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar yer alıb.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.
Jurnalın bu xüsusi buraxılışında, həmçinin 2025-ci ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində formalaşmış keçid balları da dərc olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), eləcə də kitab mağazalarından əldə etmək mümkündür. Bundan başqa, jurnalı abiturient.az saytından və Wolt tətbiqi vasitəsilə sifariş etmək olar. Jurnalın PDF formatında elektron versiyası da abiturient.az saytında istifadəçilərə təqdim olunur.