Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun yerləşdirmə nəticələrini açıqlayıb.

Abituriyentlər (o cümlədən subbakalavrlar) nəticələrini:

  • DİM-in internet saytı vasitəsilə;
  • həmçinin Azercell, Bakcell və Nar mobil operatorları üzərindən iş nömrəsini və ya elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

DİM hər bir abituriyentə dim.gov.az saytında yerləşdirilmiş müsabiqə nəticələrinə dair arayışla tanış olmağı tövsiyə edir. Arayışda seçilmiş ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, dövlət sifarişi üzrə minimal keçid balı, eyni adlı ixtisaslar üzrə dövlət sifarişli yerlərin minimal keçid balları, eləcə də qəbul və ya müsabiqədən keçməmə səbəbi ətraflı göstərilib.

DİM tələbə adını qazanan bütün gəncləri təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Qeydiyyat qaydası

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat müddəti:

  • 28 avqust – 8 sentyabr, saat 18:00-dək.

Qəbul olunan şəxslər əvvəlcə myGov ID vasitəsilə şəxsi kabinetlərinə daxil olmalı, daha sonra Elm və Təhsil Nazirliyi bölməsindəki "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətindən istifadə etməlidirlər.

Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbuldan imtina etmiş hesab olunacaq və onların qəbul əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qəbulun statistikası

Ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfər (o cümlədən 4 215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

Qəbul olunanların bölgüsü belədir:

  • 28 108 nəfər (o cümlədən 1 145 subbakalavr) dövlət sifarişi əsasında;
  • 317 nəfər (o cümlədən 58 subbakalavr) dövlət hesabına xüsusi əsaslarla;
  • 30 522 nəfər (o cümlədən 3 012 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.