Azərbaycan iyun ayında Türkiyəyə boru kəmərləri ilə təbii qaz tədarükündə Rusiyanı geridə qoyaraq ilk sıraya yüksəlib.
Monetar.az xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına görə, iyunda Türkiyə Azərbaycandan 1,01 milyard kubmetr qaz idxal edib. Rusiya 882 milyon kubmetrlə üçüncü, İran isə 883 milyon kubmetrlə ikinci olub.
Beləliklə, Azərbaycan Rusiyanı təxminən 128 milyon kubmetr qabaqlayıb. 2026-cı ilin ilk beş ayında isə Rusiyanın Türkiyənin boru kəməri ilə qaz təchizatında lider olduğu bildirilir.
Məlumata görə, Azərbaycanın Türkiyəyə iyun ayında qaz tədarükü əvvəlki illərdə də artım göstərib. 2023-cü ilin iyununda bu göstərici 744 milyon kubmetr, 2024-cü ildə təxminən 997 milyon kubmetr, 2025-ci ilin eyni ayında isə 1,02 milyard kubmetr olub.
Ümumilikdə Türkiyənin təbii qaz idxalı iyunda illik müqayisədə 6,19 faiz azalaraq 3,06 milyard kubmetr təşkil edib. Buna baxmayaraq, ölkədə qaz istehlakı 4,59 faiz artaraq təxminən 2,83 milyard kubmetrə yüksəlib.