"Financial Times"ın məlumatına görə, İtaliyanın enerji şirkəti "Eni" 2040-cı illərin əvvəllərində, mümkün olarsa daha tez, Avropada ilk kommersiya məqsədli termonüvə elektrik stansiyalarından birinin tikintisini dəstəkləməyi planlaşdırır.
Layihənin "Eni"nin sərmayə yatırdığı ABŞ şirkəti "Commonwealth Fusion Systems" (CFS) tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Şirkətdə maqnit termonüvə sintezi istiqamətinə rəhbərlik edən Françeska Ferrazza bildirib ki, gələcəkdə termonüvə energetikası "Eni" üçün növbəti neft emalı zavodu qədər strateji əhəmiyyət kəsb edə bilər.
Onun sözlərinə görə, son beş-altı ildə bu sahədə həm texnologiyalar, həm də bazar gözləntiləri sürətlə dəyişib və termonüvə energetikası uğrunda qlobal rəqabət əhəmiyyətli dərəcədə güclənib.
"Eni" yalnız elektrik stansiyalarının tikintisində deyil, həm də termonüvə sintezinin yanacaq dövriyyəsində biznes imkanları görür. Şirkət reaktorlarda istifadə olunan deyterium və tritium izotoplarının çıxarılması, təmizlənməsi və təkrar istifadəsi üzrə texnologiyaların gələcəkdə mühüm gəlir mənbəyinə çevriləcəyini hesab edir.
Bu strategiyanın bir hissəsi olaraq, 2026-cı ilin əvvəlində "Eni" Böyük Britaniyanın Atom Enerjisi İdarəsi (UKAEA) ilə birlikdə termonüvə yanacaq dövriyyəsi üzrə məsləhət və əməliyyat xidmətləri göstərəcək birgə müəssisə yaradıb.
Termonüvə sintezi hazırda hələ kommersiya mərhələsinə çatmasa da, uğurlu tətbiq olunacağı təqdirdə, karbon emissiyası yaratmadan böyük həcmdə enerji istehsal etməyə imkan verən ən perspektivli enerji texnologiyalarından biri hesab olunur.
MONETAR.AZ