Asiya bazarında Rusiya neftinə tələbatın artması Hindistanın xam neft alışlarını məhdudlaşdıra və nəticədə regionda yanacaq qıtlığı riskini yüksəldə bilər.
“Reuters”in xəbərinə görə, Çin Rusiya neftinin idxalını artıraraq Hindistanın neft emalı zavodlarının xammal təminatını çətinləşdirir. Bu proses qlobal neft bazarında qiymətlərin yüksəldiyi bir dövrə təsadüf edir.
ABŞ Prezidenti Donald Trampın İranla yeni razılaşmanın əldə olunmayacağına dair açıqlamasından sonra neft bazarında qiymətlər yenidən yüksəlib. “Brent” markalı neftin fyuçersləri əvvəlcə 90 dollar həddini keçib, daha sonra isə 95 dollara yaxınlaşıb.
Yaxın Şərqdəki münaqişə fonunda tədarük zəncirlərində yaranan problemlər Rusiya neftinin əsas alıcıları arasında rəqabəti də gücləndirib. Müharibə dövründə Hindistanın Rusiya neftini rekord həcmdə alması qlobal bazarda təklifin müəyyən qədər sabit qalmasına kömək edən amillərdən biri kimi qiymətləndirilirdi.
Lakin hazırda Hindistan Rusiya neftinə çıxış uğrunda Çinlə daha ciddi rəqabətlə üzləşir. “Reuters”in məlumatına görə, Çinin dəniz yolu ilə Rusiya nefti idxalı iyulda gündəlik 1,423 milyon barel, avqustda isə 1,25 milyon barel təşkil edib.
Nəşr qeyd edir ki, iyul və avqust ayları apreldən bəri Çinin Rusiya neftini dəniz yolu ilə idxal etdiyi ən yüksək göstəricilərin qeydə alındığı dövr olub. Bu artım Yaxın Şərqdən neft tədarükünün azalmasını kompensasiya etmək üçün Çin neft emalı zavodlarının Rusiya xammalına yönəlməsi ilə əlaqələndirilir.
Çin son illərdə həm Rusiya, həm də İran neftinin əsas alıcısına çevrilib. Pekinin ABŞ və Avropa İttifaqının bu ölkələrə qarşı tətbiq etdiyi sanksiyalara münasibətdə daha yumşaq mövqe tutması Çinin alternativ mənbələrdən neft alışlarını artırmasına imkan verib.
Bu proses Hindistanın idxal göstəricilərində əks istiqamətli dinamika yaradıb. Ölkənin Rusiyadan neft idxalı iyunda gündəlik 2,73 milyon barel, iyulda 2,79 milyon barel olduğu halda, avqustda 1,87 milyon barelə qədər geriləyib.
Bundan əlavə, avqust ayında Rusiyanın Avropa limanlarından Hindistana neft tədarükü də təxminən 30% azalıb.
Hindistanın dünya üzrə ən böyük dizel və benzin ixracatçılarından biri olması vəziyyəti daha da əhəmiyyətli edir. “Reuters”in analitiklərinə görə, ölkənin xam neft idxalında belə kəskin azalma Hindistanın öz neft emalı sektoruna təsir etməklə yanaşı, bütün Asiya bazarında yanacaq təchizatı ilə bağlı riskləri artıra bilər.
Beləliklə, Rusiya neftinin Çin tərəfindən daha çox alınması fonunda Hindistanın xammal təminatının zəifləməsi Asiyanın enerji bazarında yeni gərginlik mənbəyinə çevrilə bilər. Nəticədə həm neft, həm də neft məhsullarının qiymətləri üzərində əlavə təzyiq yarana bilər.
MONETAR.AZ