Naxçıvanın Azərbaycanın vahid elektrik enerji sisteminə qoşulmasını təmin edəcək “Zəngəzur” elektrik ötürmə xəttinin tikintisinin ilk mərhələsində işlər yekunlaşmaq üzrədir.
“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Cəbrayıldan Ağbəndə qədər 74 kilometrlik məsafədə 330 kilovolt gərginliyə malik, ikidövrəli yüksək gərginlikli elektrik ötürmə xətti inşa edilir. Xəttin yükötürmə gücü 1 000 meqavat təşkil edir.
Tikinti işləri çətin relyef və mürəkkəb iqlim şəraitində aparılıb. Qış, yaz və yay aylarını əhatə edən işlər zamanı 296 ədəd anker və aralıq dayağın quraşdırılması həyata keçirilib. Dayaqların hər birinin orta çəkisi 30 tondan çox, hündürlüyü isə təxminən 45 metrdir.
Hazırda layihənin bu hissəsi üzrə işlərin 97%-i tamamlanıb. “AzərEnerji”nin bildirdiyinə görə, tikinti işləri müəyyən edilmiş qrafikdən əvvəl həyata keçirilib.
Layihənin növbəti mərhələsində isə elektrik ötürmə infrastrukturunun daha geniş əraziyə yayılması nəzərdə tutulur. Planlara əsasən, Ordubaddan Naxçıvana qədər 100 kilometrlik, Zəngəzur dəhlizi boyunca 44 kilometrlik, Naxçıvandan Türkiyə istiqamətində isə 230 kilometrlik ötürmə xətti çəkiləcək.
“Zəngəzur” layihəsinin əsas məqsədlərindən biri Naxçıvan Muxtar Respublikasının Azərbaycanın vahid enerji sisteminə tam inteqrasiyasını təmin etməkdir. Yeni infrastruktur Naxçıvanın elektrik sisteminin tezlik tənzimlənməsi baxımından xarici ölkələrdən asılılığının aradan qaldırılmasına da imkan verəcək.
Layihə həmçinin Azərbaycanın Türkiyə və Avropa enerji bazarları ilə əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkdə yeni xətt vasitəsilə yaşıl enerjinin ötürülməsi imkanlarının yaradılması da nəzərdə tutulur.
Bu baxımdan “Zəngəzur” elektrik ötürmə layihəsi Azərbaycanın enerji infrastrukturunun inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkənin beynəlxalq enerji dəhlizlərinə inteqrasiyasını gücləndirəcək iri layihələrdən biri kimi qiymətləndirilir.