Dünyada neft ehtiyatlarının azalması enerji bazarında uzunmüddətli risklərlə bağlı narahatlıqları artırıb. “Citi” analitiklərinin hesablamalarına görə, mövcud dinamika davam edərsə, qlobal neft ehtiyatları 2029-cu ilin ilk rübündə təxminən 70 günlük təminat səviyyəsinə enə bilər.
Bankın müştərilər üçün hazırladığı son hesabatda bildirilir ki, ABŞ və İran arasındakı münaqişə, eləcə də Hörmüz boğazında yaranan fasilələr 2026-cı ilin fevral-avqust aylarında dünya üzrə neft ehtiyatlarının gündəlik orta hesabla 3 milyon barel azalmasına səbəb olub. Ümumilikdə bu dövrdə ehtiyat itkisi 519 milyon barel təşkil edib.
“Citi” mövcud tempin davam edəcəyi təqdirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin ehtiyatlarının 70 günlük təminat həddinə 2027-ci ilin sonlarına yaxın düşə biləcəyini proqnozlaşdırır.
Çin nəzərə alınmadıqda isə bu həddə 2028-ci ilin ortalarında çatılması gözlənilir. Qlobal ehtiyatlar üçün analoji göstəricinin 2029-cu ilin ilk rübündə qeydə alınacağı hesablanır.
Analitiklər 70 günlük təminat səviyyəsinin tarixi baxımdan da kritik göstərici olduğunu vurğulayırlar. Belə səviyyə 1970–1980-ci illərdə baş vermiş ikinci neft şoku zamanı müşahidə olunub. Həmin dövrdə enerji xərclərinin qlobal ÜDM-də payı təxminən 8%-ə çatmışdı. “Citi”nin hesablamasına görə, bu yük indiki qiymətlərlə müqayisədə bir barel neftin 200 dollardan yuxarı olmasına uyğun gəlirdi.
Bununla belə, bank hesab edir ki, ehtiyatların ümumi səviyyəsinə dair proqnozlar bazarda yaranan daha yaxınmüddətli problemləri tam əks etdirməyə bilər.
“Citi” xüsusilə dizel yanacağı bazarında vəziyyətin artıq gərginləşdiyini bildirir. Bankın analitiklərinə görə, ayrı-ayrı neft məhsulları üzrə çatışmazlıq qlobal ehtiyatların kritik həddə çatmasından xeyli əvvəl lokal böhranlara səbəb ola bilər.
Neft qiymətlərindəki artım da bazardakı gərginliyi əks etdirir. “Brent” markalı neftin qiyməti 93 dolları, “WTI” isə 86 dolları keçib. Bu göstəricilər avqustun əvvəlində qeydə alınan müvafiq olaraq 80 və 75 dollarlıq minimumlardan əhəmiyyətli dərəcədə yüksəkdir.
Bazar iştirakçılarının böhranın yaxın zamanda həll olunacağına dair gözləntilərinin zəifləməsi qiymətlərə əlavə təzyiq göstərir. ABŞ-da dizel yanacağının topdansatış qiymətləri “WTI” markalı neftin qiymətini 100 dollardan çox üstələyib.
Eyni zamanda, neft emalı müəssisələrinin orta çəkili marjası il ərzində təxminən 350% artaraq 33 dollara çatıb. Bu isə emal olunmuş neft məhsullarının bahalaşması üçün əlavə zəmin yaradır.
Bütün risklərə baxmayaraq, “Citi”nin baza ssenarisində qlobal neft böhranının daha da dərinləşməsi nəzərdə tutulmur. Bank hesab edir ki, tərəflər ilin dördüncü rübündə razılığa gələ və neft tədarükünün bərpasına şərait yarana bilər.
Bu ssenarinin reallaşacağı halda neft bazarında təzyiqin tədricən azalacağı və “Brent”in qiymətinin 2027-ci ildə 60 dollar diapazonuna qayıdacağı proqnozlaşdırılır.
Lakin münaqişənin uzanması, Hörmüz boğazından tədarüklərin uzun müddət məhdud qalması və xüsusilə dizel bazarında yaranan problemlərin dərinləşməsi “Citi”nin baza proqnozundan daha erkən və kəskin enerji böhranı riskini artırır.
MONETAR.AZ