Dünya fond bazarının dəyəri 158 trilyon dollara çatıb

Dünya fond bazarının dəyəri

2025-ci ildə qlobal səhm bazarının ümumi kapitallaşması rekord həddə çataraq 157,8 trilyon dollar təşkil edib. ABŞ fond bazarı 68,9 trilyon dollarlıq kapitallaşma ilə dünya üzrə ilk sırada qərarlaşıb.

Monetar.az xəbər verir ki, bu barədə Dünya Birjalar Federasiyasının məlumatları əsasında hazırlanan araşdırmada qeyd olunub.

Məlumata görə, ABŞ-ın qlobal səhm bazarındakı payı 44 faiz təşkil edib. Çin və Avropa İttifaqı 15,5 trilyon dollarlıq kapitallaşma ilə ikinci və üçüncü yerləri bölüşüblər.

Hindistan 10,6 trilyon dollarla dördüncü, Yaponiya 7,6 trilyon dollarla beşinci, Honq Konq isə 6,1 trilyon dollarla altıncı pillədə qərarlaşıb. Böyük Britaniyanın fond bazarının dəyəri 5,6 trilyon, Kanadanın 4,6 trilyon, Avstraliyanın 2 trilyon, Sinqapurun isə 0,8 trilyon dollar təşkil edib.

Digər inkişaf etmiş bazarların ümumi kapitallaşması 13,6 trilyon dollar, digər inkişaf etməkdə olan bazarların kapitallaşması isə 6,9 trilyon dollar olub.

ABŞ-ın qlobal fond bazarındakı payı 2012-ci ildən etibarən 10 faiz bəndindən çox artıb. Bu yüksəlişdə Apple, Alphabet və NVIDIA kimi iri texnologiya şirkətlərinin səhmlərinin güclü artımı mühüm rol oynayıb.

Məlumata görə, 2025-ci ildə qlobal səhm bazarının kapitallaşması əvvəlki illə müqayisədə 25 trilyon dollardan çox artıb.