Kanada Statistika İdarəsinin açıqladığı məlumata görə, ölkədə sənaye istehsalçılarının qiymətləri iyul ayında əvvəlki ayla müqayisədə 0,6% artaraq iyunda qeydə alınmış 1,4%-lik azalmanı qismən kompensasiya edib. Artım əsasən enerji daşıyıcıları, neft məhsulları və ilkin əlvan metalların bahalaşması hesabına baş verib.
İllik müqayisədə sənaye istehsalçılarının qiymətləri iyul ayında 12,4% artaraq iyun ayındakı artım tempini qoruyub. Enerji daşıyıcıları və neft məhsulları nəzərə alınmadan isə qiymətlər aylıq ifadədə 0,2% azalıb, illik ifadədə isə 8,8% yüksəlib.
Xammal qiymətləri iyul ayında əvvəlki ayla müqayisədə 2,2% geriləyib. Bununla belə, iyunda qeydə alınmış 6,7%-lik enişlə müqayisədə azalma daha mülayim olub. İllik ifadədə isə xammal qiymətləri 18,1% yüksək qalıb. Xam neft və enerji daşıyıcıları istisna olmaqla, xammal qiymətləri aylıq 1,5% azalıb, illik isə 16,7% artıb.
Məlumatlar Kanadada istehlak inflyasiyasının iyul ayında illik ifadədə 3%-ə yüksəldiyini göstərən hesabatdan dərhal sonra açıqlanıb. İnflyasiyanın sürətlənməsinə əsasən benzinin bahalaşması səbəb olub, baza inflyasiya göstəriciləri isə nisbətən sabit qalıb.
MONETAR.AZ