ABŞ-nin “iqtisadi D günü” hansı ölkələrə zərbə vura bilər?

ABŞ-nin “iqtisadi D günü” hansı ölkələrə

ABŞ İranla biznes əlaqələrini davam etdirən ölkə və şirkətlərə qarşı sanksiya tətbiq etməklə Tehranın qlobal iqtisadi sistemdən təcrid olunmasına yönəlmiş yeni kampaniyaya başlayıb. “CNBC”nin yazdığına görə, Vaşinqton bu addımı “iqtisadi D günü” (Economic D-Day) adlandırıb.

Yeni siyasət İran iqtisadiyyatını müharibənin təxminən altı ayı ərzində ayaqda saxlayan əsas ticarət kanallarının qarşısını almağa yönəlib. Sanksiyaların necə və hansı mexanizmlərlə tətbiq olunacağı hələ tam aydın olmasa da, ABŞ-nin qərarı İranın əsas ticarət tərəfdaşları ilə münasibətlərdə yeni gərginlik yarada bilər.

Çin

Çin İran neftinin ən böyük alıcısı olmaqla yanaşı, Tehranın dünya iqtisadiyyatına çıxışında əsas halqa hesab olunur. ABŞ hökumətinin məlumatına görə, İranın neft ixracının təxminən 90%-i Çinin payına düşür.

ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizlik Komissiyasının məlumatına əsasən, 2025-ci ildə Çin İranla ikitərəfli ticarətin həcmini 9,96 milyard dollar göstərib. Bu rəqəmə uçotdan kənar yollarla həyata keçirilən təxminən 31,2 milyard dollarlıq İran nefti ixracı daxil deyil.

“Kpler”in məlumatına görə, əsas neft həcmləri Çindəki müstəqil neft emalı zavodları tərəfindən alınır. Bu tədarüklər bəzən Malayziya və ya İndoneziya nefti kimi rəsmiləşdirilir, ödənişlər isə dollar sistemindən kənar vasitəçilər üzərindən həyata keçirilir. ABŞ Maliyyə Nazirliyi bu il Çin maliyyə institutlarını birbaşa hədəfə almadan belə bir neçə zavoda qarşı sanksiya tətbiq edib.

Pekin ABŞ-nin sanksiyalarına açıq şəkildə qarşı çıxır və iqtisadi təzyiqin problemləri həll etməyəcəyini bildirir. May ayında Çin yerli şirkətlərə İran nefti ilə əlaqəli beş neft emalı zavoduna qarşı ABŞ sanksiyalarına məhəl qoymamaq barədə göstəriş verib.

“Eurasia Group”un Çin üzrə direktoru Dən Vanın fikrincə, Pekin ABŞ ilə birbaşa qarşıdurmadan yayınmağa çalışacaq. Bunun əvəzinə dövlət bankları və neft şirkətlərində “komplayens” qaydalarına əməl olunmasını sakit şəkildə sərtləşdirə bilər.

Onun sözlərinə görə, Çin hakimiyyəti üçün əsas məsələ dollarda maliyyələşməyə çıxışın və ABŞ bazarına çıxış imkanlarının qorunmasıdır.

Birləşmiş Ərəb Əmirlikləri

İrandan Fars körfəzi boyunca cəmi 50 mil məsafədə yerləşən BƏƏ uzun illərdir Tehran üçün mühüm ticarət və maliyyə mərkəzi rolunu oynayır.

Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarətin həcmi təxminən 28 milyard dollar olub. Həmin il BƏƏ İranın idxalının 30%-dən çoxunu təmin edən əsas mənbə, İran ixracının isə 12%-dən çoxunun, yəni 7 milyard dollardan artıq hissəsinin istiqamətləndirildiyi üçüncü ölkə olub.

Lakin münasibətlər ötən həftə BƏƏ ərazisinə iki ballistik raketin atılmasından sonra ciddi şəkildə pozulub. Onlardan birinin BƏƏ-yə məxsus tankerləri hədəf aldığı bildirilir. Bundan sonra ölkə İranla ticarət və maliyyə əməliyyatlarını dayandırıb.

“The Washington Institute” hesab edir ki, İran qlobal iqtisadi sistemə çıxış üçün uzun müddət BƏƏ banklarından və maliyyə infrastrukturundan istifadə edib. Buna görə də münasibətlərin kəsilməsi Əbu-Dabidən daha sərt tədbirlər görməyi tələb edə bilər.

ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Metyu Levitt isə bildirir ki, İranın yüklərin aşırılması, qaçaqmalçılıq və gizli bank əməliyyatlarının əhəmiyyətli hissəsi Dubay üzərindən həyata keçirilir.

Türkiyə

Türkiyə İranla enerji və ticarət əlaqələrini qoruyub saxlayan əsas ölkələrdən biridir. Ankara İrandan təbii qaz alır, əvəzində isə maşın və ehtiyat hissələri, kimyəvi və kənd təsərrüfatı məhsulları ixrac edir.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarətin həcmi 5,7 milyard dollar təşkil edib.

İran qazının Türkiyənin ümumi qaz idxalındakı payı da artıb. Yerli KİV-lərin məlumatına görə, iyulun sonunda müddəti başa çatan 25 illik qaz müqaviləsi çərçivəsində bu il İrandan qaz idxalı əhəmiyyətli dərəcədə yüksəlib və İranın Türkiyənin qaz idxalındakı payı 18,6%-ə çatıb.

Ankara Azərbaycan və Rusiyadan boru kəmərləri vasitəsilə qaz idxalını artıraraq enerji mənbələrini şaxələndirməyə çalışır. Buna baxmayaraq, Türkiyə hələlik İran qazından tamamilə imtina etmək niyyətində olduğunu nümayiş etdirməyib.

İraq

İranın elektrik enerjisi və qazından asılı olan İraq da ABŞ-nin yeni sanksiyalarından təsirlənə biləcək ölkələr sırasındadır.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, İran 2024-cü ilin martında İraqa ildə təxminən 660 milyard kubfut qaz tədarükünü nəzərdə tutan müqavilənin müddətini daha beş il uzadıb. İranın elektrik enerjisi isə 2023-cü ildə İraqın ümumi enerji istehsalının 30%-dən çoxunu təmin edib.

“Reuters”in məlumatına görə, 2025-ci ildə iki ölkə arasında ticarətin həcmi 10 milyard dolları keçib. Lakin regionda artan risklər və fevralın sonundan başlayan müharibə fonunda sərhədlərdə yaranan fasilələr bu il ticarətin azalmasına səbəb olub.

İraq elektrik enerjisi istehsalında istifadə etdiyi qazın müqabilində İrana ildə təxminən 4–5 milyard dollar ödəyir. ABŞ-nin yeni sanksiyaları bu ödəniş mexanizmlərini də çətinləşdirə bilər.

Hindistan

İranın əsas ticarət tərəfdaşlarından biri olan Hindistanla iqtisadi əlaqələr son illərdə zəifləyib. Hindistan Ticarət Nazirliyinin məlumatına görə, 2026-cı ilin martına qədərki bir il ərzində iki ölkə arasında ticarətin həcmi təxminən 1,6 milyard dollar təşkil edib. Müqayisə üçün, 2023-cü ilin martında başa çatan birillik dövrdə bu göstərici 2,3 milyard dollar olub.

Hindistan İrana əsasən düyü, çay, şəkər və əczaçılıq məhsulları ixrac edir, əvəzində isə quru və təzə meyvələr idxal edir.

Apreldə ABŞ-nin İran neftinə tətbiq etdiyi sanksiyalardan müvəqqəti güzəştlər verməsindən sonra Hindistan yeddi illik fasilənin ardından İran neftinin idxalını bərpa edib.

Lakin Vaşinqton İran enerjidaşıyıcılarını alan şirkətlərə, o cümlədən Hindistanın neft emalı zavodlarına qarşı sanksiya tətbiq etmək qərarına gələrsə, bu ticarət əlaqələrinin gələcəyi də sual altında qala bilər.

MONETAR.AZ