Almaniyanın avtomobil istehsalçısı “Porsche AG” əməliyyatlarında süni intellekt texnologiyalarından daha geniş istifadə etmək məqsədilə Hindistanın “Tata Consultancy Services Ltd.” (TCS) şirkəti ilə 1,25 milyard avro (təxminən 1,5 milyard dollar) dəyərində beşillik tərəfdaşlıq sazişi bağlayıb.
Razılaşmaya əsasən, süni intellekt həlləri “Porsche”nin mühəndislik, istehsalat və əməliyyat proseslərinə, eləcə də müştəri təcrübəsinin təkmilləşdirilməsinə inteqrasiya olunacaq.
Sövdələşmənin digər hissəsində TCS “Porsche”nin Almaniyada fəaliyyət göstərən konsaltinq bölməsi “MHP Management- und IT-Beratung GmbH” şirkətini 320 milyon avroya satın alacaq.
TCS-in məlumatına görə, “Porsche”nin baş icraçı direktoru Mixael Layters MHP-nin satışını şirkətin əsas avtomobil biznesinə daha çox diqqət yetirmək strategiyasının bir hissəsi kimi qiymətləndirib.
Razılaşmanın qüvvəyə minməsi üçün tənzimləyici orqanların təsdiqi tələb olunur. Sövdələşmənin yaxın üç-dörd ay ərzində tamamlanacağı gözlənilir.
TCS hesab edir ki, tərəfdaşlıq şirkətin Avropa bazarındakı mövqeyini gücləndirəcək və ona avtomobil sənayesi də daxil olmaqla daha geniş müştəri dairəsinə konsaltinq xidmətləri göstərmək imkanı yaradacaq.
MONETAR.AZ