"Citi" bankı 2026-cı ilin sonu və 2027-ci ilin əvvəli üçün qarğıdalı, soya və buğdanın qiymətləri ilə bağlı proqnozlarını yüksəldib. Bankın analitikləri əsas risklər sırasında super-El-Ninyo hadisəsinin güclənməsini göstəriblər.
NOAA-nın avqust ayı üzrə yenilənmiş proqnozuna görə, çox güclü El-Ninyo hadisəsinin başvermə ehtimalı 90%-dən yüksək qiymətləndirilir. Hadisənin oktyabr-dekabr aylarında 1950-ci ildən bəri qeydə alınmış bütün El-Ninyo epizodlarını intensivliyinə görə üstələməsi ehtimalı isə 69%-dir.
"Citi" qarğıdalının bir buşeli üçün üçaylıq qiymət hədəfini 5,40 dollara, 12 aylıq proqnozunu isə 5,90 dollara çatdırıb. Soya üzrə üçaylıq hədəf 12,75 dollar, 12 aylıq proqnoz isə 13,25 dollar müəyyənləşdirilib. Buğdanın bir buşeli üçün isə üçaylıq və 12 aylıq qiymət hədəfləri müvafiq olaraq 7,25 və 7,75 dollar təşkil edir.
Bankın yeni istehsal risklərinin qiymətləndirilməsi metodologiyasına əsasən, hazırkı bazar qiymətləri qlobal kənd təsərrüfatı istehsalında yarana biləcək azalmaların yaratdığı risklərin yalnız bir hissəsini nəzərə alır.
"Citi"nin qiymətləndirməsində hava şəraitinə ən həssas kənd təsərrüfatı məhsulları sırasında palma yağı, robusta qəhvəsi, düyü, şəkər, kakao və Avstraliya buğdası yer alır. Əsas risklərin isə Avstraliya, Hindistan, Cənub-Şərqi Asiya və Braziliyanın bəzi bölgələrində cəmləşdiyi bildirilir.
Analitiklər qiymət artımını dəstəkləyə biləcək bir sıra amillərə də diqqət çəkiblər. Bunlara hava şəraitinin pisləşməsi və El-Ninyo səbəbindən məhsuldarlıq proqnozlarının aşağı salınması, yüksək ixrac tələbatı, Qara dəniz regionunda mümkün tədarük pozuntuları, gübrə və enerji qiymətləri, həmçinin bioyanacağa qlobal tələbat daxildir.
Xüsusilə güclü El-Ninyo hadisəsinin İndoneziya və Malayziyada palma yağı istehsalına ciddi zərər vuracağı gözlənilir. Bu isə soya yağına tələbatı artıra və nəticədə emal həcmlərinin yüksəlməsi hesabına soya qiymətlərinə əlavə dəstək verə bilər.
"Citi" buğdanı isə hava şəraiti ilə yanaşı, geosiyasi risklərin də təsirinə ən çox məruz qalan əsas dənli bitki kimi qiymətləndirir. Avropada son dövrdə müşahidə olunan isti və quraq hava artıq regionda buğda istehsalı üzrə proqnozların aşağı salınmasına səbəb olub.
MONETAR.AZ