ABŞ-da qarğıdalı fyuçerslərinin qiyməti məhsuldarlıqla bağlı narahatlıqlar səbəbindən buşel üçün 5 dollara yaxınlaşaraq son 17 ayın ən yüksək səviyyəsinə çatıb.
Monetar.az xəbər verir ki, ABŞ-da məhsulun gözləniləndən daha aşağı ola biləcəyi ilə bağlı proqnozlar qarğıdalı bazarında qiymət artımını gücləndirib.
Pro Farmer Crop Tour-un qiymətləndirməsinə görə, ABŞ üzrə qarğıdalının orta məhsuldarlığı akr başına 173,2 buşel təşkil edə bilər. Bu göstərici ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) avqust proqnozundakı 180,7 buşeldən xeyli aşağıdır.
Təşkilatın hesablamalarına əsasən, ABŞ-da qarğıdalı istehsalı 15,344 milyard buşel ola bilər. Bu isə hökumətin proqnozundan təxminən 670 milyon buşel azdır.
Araşdırmada iştirak edən bütün yeddi ştatda məhsuldarlığın ötən illə müqayisədə aşağı olacağı gözlənilir. Ən böyük istehsalçılardan biri olan İllinoysda məhsuldarlığın akr başına 184,19 buşel olacağı proqnozlaşdırılır. Ötən il bu göstərici 199,57 buşel təşkil edib.
ABŞ qarğıdalısına güclü ixrac tələbi də qiymətləri dəstəkləyir. Ölkənin qarğıdalı ixracı üzrə öhdəlikləri artıq ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur və USDA-nın bütün il üçün proqnozunu üstələyir.
Bundan başqa, ABŞ-ın əsas qarğıdalı istehsal bölgələrində isti və quraq hava şəraiti əkin sahələrinə təzyiqi artırır. Avropada əlverişsiz hava şəraiti və Ukraynadan taxıl tədarükündə davam edən problemlər isə qlobal bazarda təkliflə bağlı narahatlıqları gücləndirir.