Hindistan buğda ixracına qoyulan qadağanı ləğv edib

Hindistan buğda ixracına qoyulan

Hindistan hökuməti buğda və onun emalından əldə olunan məhsulların xaricə satışına tətbiq edilən qadağanı ləğv edib.

 Monetar.az xəbər verir ki, ölkənin Xarici Ticarət Baş İdarəsinin qərarına əsasən, buğda ixracı üzrə rejim qadağandan sərbəst rejimə keçirilib və qərar dərhal qüvvəyə minib.

 Bundan başqa, buğda unu və digər emal məhsullarının, o cümlədən yüksək keyfiyyətli un, manna yarması və tam taxıllı unun ixracına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.

 Qərarın bu məhsulların dünya bazarında əlçatanlığını artıracağı gözlənilir.

 Hindistan buğda ixracına qadağanı 2022-ci ilin mayında ölkə daxilində taxıl qiymətlərinin artmasının qarşısını almaq məqsədilə tətbiq etmişdi.

 Hindistan dünyanın ikinci ən böyük buğda istehsalçısıdır. Ölkədə 2025-2026-cı kənd təsərrüfatı mövsümündə buğda istehsalının 110-120 milyon ton arasında olacağı proqnozlaşdırılır.

 Məlumata görə, 2025-ci ildə ölkədə buğda istehsalı 109,63 milyon ton təşkil edib. Cari ilin martın 31-nə Hindistanda buğda ehtiyatları 22,2 milyon ton səviyyəsində olub.