20 ayın rekordundan sonra palma yağı ucuzlaşdı

20 ayın rekordundan sonra

Malayziyada palma yağı fyuçerslərinin qiyməti ton üçün 5 000 Malayziya ringitindən aşağı düşərək son 20 ayın maksimum səviyyəsindən geri çəkilib.

Monetar.az xəbər verir ki, palma yağı ardıcıl beş sessiyada bahalaşdıqdan sonra treyderlərin mənfəət götürməsi fonunda ucuzlaşıb.

Qiymətlərin aşağı düşməsinə əsas səbəblərdən biri Dalian və Çikaqo birjalarında soya yağının ucuzlaşması olub. Xam neftin qiymətinin də ABŞ-ın İrana qarşı mümkün yeni sanksiyalarla bağlı gözlənilən açıqlaması ərəfəsində geriləməsi alternativ bitki yağlarına olan tələbi zəiflədib.

Təklifin yüksək olması da palma yağı bazarına təzyiq göstərir. Malayziyada palma yağı ehtiyatları iyul ayında son 5 ayın ən yüksək səviyyəsinə çatıb.

Bununla yanaşı, yükdaşıma üzrə araşdırma şirkətlərinin hesablamalarına görə, avqustun 1-dən 20-dək Malayziyanın palma yağı ixracı iyulun eyni dövrü ilə müqayisədə 5,5-13,2 faiz azalıb. Bu, ixrac dinamikasının zəiflədiyini göstərir.

Bununla belə, Malayziya ringitinin zəifləməsi palma yağının qiymətindəki enişi məhdudlaşdırıb. Dünyanın əsas palma yağı istehsalçısı İndoneziyada alıcıların oktyabrda B50 biodizel proqramının tam tətbiqindən əvvəl alışları artırması da bazara dəstək verib.

Eyni zamanda, inkişaf edən El-Ninyo hava hadisəsinin İndoneziya və Malayziyada quraqlığı gücləndirərək palma yağı istehsalını azalda biləcəyi ilə bağlı narahatlıqlar qiymətlərə əlavə dəstək göstərir.