Dünya yeni enerji böhranı ilə üzləşir

Dünya yeni enerji

 Reuters dünyada neft tədarükü ilə bağlı son illərin ən ciddi enerji böhranının yarandığını bildirib. İran, Liviya və Ukraynada davam edən münaqişələr qlobal neft bazarına ciddi təsir göstərir.

 Monetar.az xəbər verir ki, Reuters-in hesablamalarına əsasən, münaqişələrin təsir etdiyi ölkələr dünya üzrə gündəlik neft hasilatının 43 faizindən çoxunu təmin edir.

 Məlumata görə, İran, Liviya və Ukrayna ətrafındakı hadisələr, həmçinin Venesuela neftinin ixracına tətbiq edilən məhdudiyyətlər qlobal tədarük zəncirində ciddi problemlər yaradıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatları əsasında aparılan hesablamalara görə, bu ölkələr 2025-ci il üzrə proqnozlaşdırılan göstəricilər əsasında gündəlik təxminən 45 milyon barel neft hasil ediblər.

 Hərbi münaqişələr nəticəsində dünya üzrə neft emalı güclərinin təxminən 10 faizinin fəaliyyəti də dayanıb və ya məhdudlaşıb.

 Reuters qeyd edir ki, hazırkı tədarük pozuntuları əvvəlki enerji böhranlarını geridə qoyub. Mövcud vəziyyət dünya ölkələrinin ABŞ-dan neft tədarükündən asılılığını daha da artırıb.

 Yanacağın bahalaşması isə qlobal inflyasiyanın əsas amillərindən birinə çevrilib. Bu proses borclanma xərclərinin artmasına və bir sıra ölkələrdə iqtisadi təzyiqlərin güclənməsinə səbəb olub.

 Xatırladaq ki, mart ayında Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri Fars körfəzindəki tədarük problemləri ilə əlaqədar strateji ehtiyatlardan 400 milyon barel nefti bazara çıxarıb.