Avropa İttifaqında avtomobil yanacağının qiyməti 2026-cı ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 16,9 faiz artıb. Monetar.az xəbər verir ki, bu barədə Avrostatın açıqladığı məlumatda bildirilib.
Yanacağın qiymət artımı Aİ-nin 27 ölkəsindən 25-də qeydə alınıb. Ən yüksək bahalaşma Rumıniyada müşahidə olunub. Bu ölkədə yanacağın qiyməti illik müqayisədə 24,2 faiz yüksəlib.
Almaniya və Litvada qiymətlər 22,9 faiz, Bolqarıstanda 22,2 faiz, Niderlandda 22 faiz, Finlandiyada isə 20,5 faiz artıb.
Yanacağın qiyməti yalnız Macarıstanda cüzi azalıb. Bu ölkədə qiymətlər illik müqayisədə 0,1 faiz aşağı düşüb. İsveçdə artım 1,2 faiz, İrlandiyada isə 3,2 faiz təşkil edib.
Aylıq müqayisədə də yanacağın bahalaşması davam edib. İyulda iyunla müqayisədə Aİ-də dizel yanacağının qiyməti orta hesabla 4,3 faiz, benzinin qiyməti isə 4,7 faiz artıb.
Benzinin qiymətində ən böyük aylıq artım Polşada qeydə alınıb və 17,2 faiz təşkil edib. Dizel yanacağı da ən çox Polşada bahalaşıb – 13,4 faiz.
Mütəxəssislər Avropada yanacağın bahalaşmasını İran ətrafında davam edən münaqişənin enerji bazarına təsiri və Rusiyanın dizel yanacağı ixracına tətbiq etdiyi məhdudiyyətlərlə əlaqələndirirlər.
Qeyd edək ki, Aİ-də yanacağın illik bahalaşması iyunda 13,7 faiz, mayda isə 20,7 faiz olmuşdu.