AZƏRTAC Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının (KSES) istifadəyə verildiyi tarixdən bu ilin iyul ayınadək müvafiq olaraq 64,3 milyon və 42,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, “Mişni” və “Alxaslı” KSES-ləri 25 avqust 2024-cü ildə Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində istismara verilib. “Mişni” KSES-in gücü 8,25 meqavat, “Alxaslı” KSES-in gücü isə 6 meqavatdır.
Bundan başqa, Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Soyuqbulaq” və “Çıraq-2” KSES-lərində də əhəmiyyətli həcmdə elektrik enerjisi istehsal edilib. İstismara verildikləri tarixdən iyul ayının sonunadək “Çıraq-1”də 65,6 milyon, “Soyuqbulaq”da 61 milyon, “Çıraq-2”də isə 57 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Beləliklə, adıçəkilən beş kiçik su elektrik stansiyasının ümumi elektrik enerjisi istehsalı 290,1 milyon kilovat-saata çatıb.
Xatırladaq ki, “Çıraq-1” və “Soyuqbulaq” KSES-ləri 25 avqust 2023-cü ildə Tərtər çayı üzərində, “Çıraq-2” isə Qaraarxac çayı üzərində istismara verilib. Onların gücü müvafiq olaraq 8,33 meqavat, 5,3 meqavat və 6 meqavatdır.
Kiçik su elektrik stansiyalarının fəaliyyəti bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, yaşıl enerjinin inkişafına, istixana qazı emissiyalarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verir.