İpotekanı sıfırdan götürmədən ev almaq? Bakıda hazır ipotekalı mənzillər

İpotekanı sıfırdan götürmədən ev almaq?

 Sosial şəbəkələrdə Bakıda hazır ipotekada olan mənzillərlə bağlı siyahı yayılıb. Monetar.az xəbər verir ki, siyahıda mənzillərin ilkin ödənişi, aylıq ödənişi, qalan ipoteka müddəti və nağd qiyməti barədə məlumatlar yer alıb.

Yayılan məlumata görə, hazır ipotekada olan mənzillər arasında ən aşağı ilkin ödəniş 37 min manatdır. Məhəmmədli qəsəbəsində yerləşən 3 otaqlı, 100 kvadratmetrlik həyət evinin aylıq ödənişi 481 manat göstərilib. Siyahıda bu mənzilin satıldığı qeyd olunub.

Ən yüksək ilkin ödənişlərdən biri isə 165 min manatdır. Bu məbləğə Həzi Aslanov metrosu yaxınlığında 4 otaqlı, 155 kvadratmetrlik mənzil təqdim olunur. Mənzilin aylıq ödənişi 1 170 manat göstərilib.

Siyahıda Əhmədli, Həzi Aslanov, Xalqlar Dostluğu, Qara Qarayev, Xətai, Yeni Günəşli, Əcəmi, Dərnəgül və Yasamal kimi ərazilərdə yerləşən mənzillər yer alıb.

Yayılan siyahıya əsasən, mənzillərin aylıq ödənişləri təxminən 385 manatdan 1700 manatadək dəyişir. Bəzi elanların qarşısında isə mənzillərin artıq satıldığı bildirilib.

Qeyd edək ki, sözügedən məlumat sosial şəbəkələrdə yayılan siyahıya əsaslanır və elanlarda göstərilən məlumatların aktuallığı ayrıca təsdiqlənməyib.