Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında cari ilin əvvəlindən avqust ayınadək torpaq, toxum, bitki və su nümunələrinin laborator müayinəsi davam etdirilib.
Aqrar Xidmətlər Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə laboratoriyaya torpaq üzrə 803 nümunə qəbul edilib. Onlardan 783-ü 5–11 müxtəlif parametr üzrə analiz olunub. Eyni zamanda, toxum və ting üzrə 272, bitki xəstəlikləri üzrə isə 262 nümunənin qəbulu və müayinəsi həyata keçirilib.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının fitokimyəvi analizi üzrə 519, suvarma suyu üzrə isə 65 nümunə laboratoriyada yoxlanılıb.
Məlumata əsasən, aparılan analizlər torpaq və su resurslarının vəziyyətinin qiymətləndirilməsinə, toxum və ting materialının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsinə, bitki xəstəliklərinin vaxtında aşkarlanmasına və kənd təsərrüfatı məhsullarının müxtəlif göstəricilər üzrə təhlilinə imkan yaradır. Bu xidmətlər fermerlərin elmi əsaslı qərarlar qəbul etməsinə, resurslardan daha səmərəli istifadə etməsinə və məhsuldarlığın artırılmasına dəstək verir.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında vətəndaşlar, fermerlər, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və media nümayəndələrinin iştirakı ilə "Açıq qapı" günü də təşkil olunub.
Tədbir çərçivəsində iştirakçılar laboratoriyanın fəaliyyəti, müasir avadanlıqları və analiz metodları ilə tanış olublar. Onlara torpaq analizlərində azot, fosfor, kalium, pH və elektrik keçiriciliyi (EC) göstəricilərinin müəyyənləşdirilməsi, toxumların təmizlik və cücərmə qabiliyyətinin qiymətləndirilməsi, həmçinin bitki xəstəliklərinin diaqnostikası, suvarma suyunun və kənd təsərrüfatı məhsullarının analiz prosesi əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, torpaq və su resurslarından səmərəli istifadə, eləcə də laborator xidmətlərinin genişləndirilməsi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əsas prioritet istiqamətləri sırasındadır.