Dənizkənarı Bulvar İdarəsi Qapalı Səhmdar Cəmiyyətinə çevrilir

Dənizkənarı Bulvar İdarəsi

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Monetar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, yeni yaradılacaq “Dənizkənarı Bulvar” QSC Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, idarə edilməsi, saxlanılması və inkişafının təmin edilməsi ilə məşğul olacaq dövlətə məxsus kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərəcək.

Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, idarə edilməsi və saxlanılması isə Prezidentin İşlər İdarəsinə veriləcək. Bu obyektlərlə bağlı “Dənizkənarı Bulvar İdarəsi”nin hüquq və öhdəlikləri, eləcə də əmlakı Prezidentin İşlər İdarəsinə keçəcək.

Yeni yaradılacaq cəmiyyət “Dənizkənarı Bulvar İdarəsi”nin hüquqi varisi olacaq. İdarənin digər hüquq və öhdəlikləri, həmçinin əmlakı cəmiyyətə keçəcək.

“Dənizkənarı Bulvar” QSC-yə ümumi rəhbərlik və nəzarət sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçiriləcək. Cari rəhbərlik isə sədr və iki müavindən ibarət 3 nəfərlik İdarə Heyətinə həvalə olunacaq.

Fərmana əsasən, cəmiyyətin nizamnaməsi və nizamnamə kapitalının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Maliyyə Nazirliyi isə yeni qurumun strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin optimallaşdırılması ilə bağlı maliyyə ekspertizası aparacaq.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” yeni cəmiyyət dövlət qeydiyyatına alınanadək fəaliyyətini davam etdirəcək.