Formula 1 ilə bağlı Azərbaycana gələnlər üçün viza proseduru sadələşdirildi

Formula 1  ilə bağlı Azərbaycana gələnlər üçün

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduru sadələşdirilib. Monetar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn əcnəbilər avqustun 25-dən sentyabrın 30-dək ölkənin beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza almaq üçün bir neçə sənəddən hər hansı birinin təqdim edilməsi kifayətdir. Bunlara Formula 1-in beynəlxalq təşkilatçıları tərəfindən akkreditasiyanı təsdiq edən sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akkreditasiya kartı, həmçinin 2026-cı il Bakı Formula 1 yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd daxildir.

Bununla yanaşı, yarışla bağlı Azərbaycana gələn şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza da əldə edə biləcəklər.

Xarici İşlər Nazirliyi viza prosedurunun sadələşdirilməsi barədə Formula 1-in beynəlxalq təşkilatçılarına, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin aidiyyəti qurumlarına məlumat verəcək.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuş həyata keçirən aviaşirkətləri yeni viza qaydaları barədə məlumatlandıracaq.