“Azəripək” “Azərxalça”ya birləşdirildi

 “Azəripək” “Azərxalça”ya

“Azəripək” ASC “Azərxalça” ASC-yə birləşdirilib. Monetar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Azərxalça” ASC “Azəripək” ASC-nin ona qoşulması formasında yenidən təşkil ediləcək. Bununla “Azəripək”in hüquqları, öhdəlikləri və əmlakı “Azərxalça”ya keçəcək.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə “Azərxalça”nın tabeliyinə veriləcək. Stansiyanın verilməsində məqsəd baramaçılığın damazlıq işinin təşkili olacaq.

Fərmanla “Azəripək”in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi də dayandırılıb.

Yenidən təşkil olunmuş “Azərxalça” ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafı, istehsal, emal, satış və ixrac fəaliyyətinin təşkili, xammal bazasının inkişaf etdirilməsi və milli sənətkarlıq irsinin qorunmasını təmin edəcək.

Cəmiyyətin fəaliyyəti vahid mərkəzdən əlaqələndiriləcək. “Azərxalça”ya cari rəhbərliyi sədr və iki müavindən ibarət üç üzvlü İdarə Heyəti həyata keçirəcək.