BƏT: dünyada hər 5 gəncdən biri nə işləyir, nə də təhsil alır

BƏT: dünyada hər 5 gəncdən biri nə işləyir,

Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Global Employment Trends for Youth 2026” hesabatında dünya üzrə gənclərin əmək bazarındakı vəziyyətinin pisləşdiyi bildirilir.

Hesabata görə, COVID-19 pandemiyasından sonra başlayan bərpa prosesi iqtisadi artımın zəifləməsi, yeni iş yerlərinin yaradılmasının ləngiməsi, geosiyasi gərginlik və texnoloji dəyişikliklər fonunda dayanıb. 2025-ci ildə 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi 12,4 faizə yüksəlib. Bu isə təxminən 67 milyon nəfərə bərabərdir.

Eyni zamanda işləməyən, təhsil almayan və peşə hazırlığı keçməyən gənclərin — NEET statusunda olanların sayı da artır. Bu kateqoriyaya daxil olanların payı 2023-cü ildəki 19,7 faizdən 2025-ci ildə 20 faizə yüksəlib. Onların ümumi sayı isə 257 milyon nəfərə çatıb.

Həmin dövrdə gənclər arasında işsizlik səviyyəsi dünyanın 11 regionundan səkkizində artıb. Ən ciddi pisləşmə Şimali Afrika, Şimali Amerika, eləcə də Şimali, Cənubi və Qərbi Avropada qeydə alınıb.

Problemin qadınlar arasında daha kəskin olduğu vurğulanır. 2025-ci ildə gənc qadınlar NEET statusunda olan bütün gənclərin üçdə ikisindən çoxunu təşkil edib. Gənc qadınlar arasında NEET göstəricisi 27,4 faiz olduğu halda, kişilər arasında bu göstərici 13,1 faiz təşkil edib.

Məşğulluq səviyyəsində də gender fərqi qorunub. Gənc kişilərin 43,3 faizi məşğul olduğu halda, gənc qadınlarda bu göstərici 30,6 faiz olub. BƏT bu fərqi qadınların ailə üzvlərinə ödənişsiz qayğı göstərməsi, ayrı-seçkilik və uyğun, layiqli ödənişli işlərə çıxış imkanlarının məhdudluğu ilə əlaqələndirir.

Gənclərin əmək bazarına çıxışına təsir edən əsas amillərdən biri də süni intellektin sürətli inkişafıdır. Ən həssas sahələr orta ixtisas tələb edən peşələrdir. Bunlara inzibati və ofis işləri, satış və xidmət sektoru, eləcə də bir sıra istehsalat peşələri daxildir.

BƏT-in qiymətləndirməsinə əsasən, 15-29 yaşlı gənclərin tutduğu iş yerlərinin 6,1 faizi süni intellektin təsirinə yüksək dərəcədə məruz qalan kateqoriyaya daxildir. Bu tip iş yerlərinin cəmi 10 faizinin tamamilə aradan qalxması təxminən 5,6 milyon gənc işçiyə təsir göstərə bilər.

Bununla belə, elm, mühəndislik, tibb və informasiya texnologiyaları kimi sahələrdə məşğulluq artmaqda davam edir.

BƏT hesab edir ki, problem təkcə iş yerlərinin çatışmazlığı ilə məhdudlaşmır. Gənclər üçün sabit və keyfiyyətli iş tapmaq da getdikcə çətinləşir. Bir sıra regionlarda gənc əhalinin artım tempi yeni iş yerlərinin yaradılması tempini üstələyir. 2025-ci ildə gənclər və böyüklər arasında işsizlik səviyyəsi arasındakı fərq 3,4 dəfə olub.

Təşkilat gənclərin əmək bazarına inteqrasiyasını gücləndirmək üçün təhsil və peşə hazırlığı imkanlarının genişləndirilməsinə, ömürboyu yenidən hazırlıq sistemlərinin, məşğulluq xidmətlərinin və sosial müdafiə mexanizmlərinin inkişaf etdirilməsinə çağırır.

BƏT, həmçinin süni intellektin əmək bazarına təsirinin tənzimlənməsində insan amilini və işçilərin maraqlarını əsas götürən yanaşmanın formalaşdırılmasının vacibliyini vurğulayır.

MONETAR.AZ