Dünyada video oyunları yalnızca uşaqlar arasında deyil, böyüklər arasında da geniş yayılıb. Smartfonların geniş istifadəsi isə mobil oyunların populyarlığının artmasına səbəb olub.
Monetar.az xəbər verir ki, Statista Consumer Insights araşdırmasına əsasən, 27 ölkə arasında böyüklərin video oyunları oynaması baxımından Filippin birinci yerdədir. Ölkə sakinlərinin 94 faizi ən azı bəzən video oyunları oynadığını bildirib.
Araşdırmaya görə, mobil oyunlar xüsusilə inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. Bunun əsas səbəblərindən biri smartfon vasitəsilə oyunlara asan və çox vaxt ödənişsiz çıxışın mümkün olmasıdır.
Vyetnam, Tailand və Cənubi Afrikada əhalinin 90 faizindən çoxu video oyunları oynadığını bildirib. İndoneziya və Meksikada da bu göstərici yüksək olub.
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında da video oyunlarına maraq yüksəkdir. ABŞ, Böyük Britaniya, Almaniya və xüsusilə Çində isə insanların daha tez-tez oyun oynadığı qeyd olunur.
ABŞ-da böyüklər arasında konsollarda oyun oynamaq daha geniş yayılıb. Meksika və Latın Amerikasında da oyun konsollarına maraq yüksəkdir. Avropanın bir sıra ölkələrində isə kompüter oyunları konsollardan daha populyardır.
Araşdırmada həmçinin qeyd olunur ki, ənənəvi olaraq video oyunları ilə tanınan Yaponiyada böyüklər arasında oyunlara maraq digər ölkələrlə müqayisədə daha aşağı səviyyədədir.