"Bloomberg News"un məlumatına görə, yaddaş çiplərinin bahalaşması "Nvidia Corp."-un süni intellekt çipləri ilə təchiz olunan serverlərin qiymətlərini artırır. Şirkətin bəzi ən iri müştəriləri qiymətlərin 15%-dən çox yüksəlməsi ilə üzləşiblər.
Artımın gələn ilin əvvəlində təhvil veriləcək sistemlərə, o cümlədən "Vera Rubin" və "Grace Blackwell" platformaları əsasında qurulan serverlərə şamil olunacağı gözlənilir. Qiymət artımının həcmi istifadə olunan çip nəsli və yaddaş konfiqurasiyasından asılı olacaq.
"Microsoft", "Google" ("Alphabet"), "Oracle" və digər iri data-mərkəz operatorları üçün server istehsal edən podratçılar yaxınlaşan bahalaşma barədə müştərilərini artıq xəbərdar ediblər.
Buna əsas səbəb süni intellekt infrastrukturuna yüksək tələbat fonunda DRAM yaddaş bazarında yaranan təzyiqdir. "Samsung Electronics", "SK Hynix" və "Micron Technology" qlobal DRAM istehsalının böyük hissəsinə nəzarət edir və qiymət artımından faydalanırlar. "Nvidia" sürətləndiricilərinin məhsuldarlığı isə istifadə olunan DRAM yaddaşının həcmi ilə sıx bağlıdır.
Son dövrdə "Apple" və "Qualcomm" da çip çatışmazlığı səbəbindən məhsullarının qiymətlərini artırdıqlarını açıqlayıblar.
Hazırda "Nvidia"nın ümumi mənfəət marjası təxminən 75% təşkil edir. Şirkət yüksək qiymətləri qoruyub saxlaya bilir, çünki əsas istehsal tərəfdaşı TSMC artan tələbatı tam qarşılamaqda çətinlik çəkir.
"Bloomberg"in məlumatına görə, "Nvidia" oyun kompüterləri üçün qrafik kartlarının qiymətlərini də yüksəldib.
Şirkətin ən böyük müştəriləri — "Amazon", "Microsoft", "Google" və "Meta Platforms" — öz süni intellekt çiplərini hazırlasalar da, data-mərkəzlərini genişləndirmək üçün hələ də "Nvidia" məhsullarından asılı qalırlar. Gələcəkdə bu asılılığın azalması böyük ölçüdə "Samsung", "SK Hynix" və "Micron"un istehsal imkanlarından asılı olacaq.
Serverlərin bahalaşması süni intellekt data-mərkəzlərinin tikintisi xərclərini də artıracaq. Sektor artıq işçi qüvvəsi çatışmazlığı, maliyyələşmə şərtlərinin sərtləşməsi, tikinti gecikmələri və bəzi regionlarda yerli icmaların etirazları kimi problemlərlə üzləşir.
MONETAR.AZ